“Sabah”ın futbolçusu: “Mançester Yunayted”lə oyundan çox şey öyrəndik VİDEO
Mançester, 11 sentyabr, AZƏRTAC
“Sabah”ın futbolçusu Coy-Lens Mikels “Mançester Yunayted”lə oyundan sonra AZƏRTAC-a özəl açıqlamasında qarşılaşmanın çətin keçdiyini bildirib.
“Çətin oyun oldu, amma Mançesterdə belə bir matç keçirdiyimiz üçün şadam. “Mançester Yunayted” kimi rəqiblə qarşılaşmaq bizim üçün yaxşı təcrübədir və bu, növbəti oyunlarda inkişaf etməyimizə kömək edəcək. Düşünürəm ki, bu matçdan çox şey öyrəndik”, – deyə o bildirib.
Coy-Lens Mikels komandanın bir sıra aspektlərdə inkişaf etməli olduğunu vurğulayıb: “Bu səviyyədə etdiyiniz hər bir səhv dərhal cəzalandırılır. Ümid edirəm ki, növbəti oyunda daha yaxşı çıxış edə biləcəyik. Biz qol buraxdıqdan sonra belə hücum etməyə çalışan komandayıq. Özümüz də qol vurmaq üçün irəli getmək mentalitetimiz var. Bəlkə də bəzi məqamlarda bu, düzgün qərar deyildi, amma bizim futbol fəlsəfəmiz belədir. Biz daim hücum futbolu oynayırıq və müəyyən risklər edirik. Bu dəfə isə həmin risklər cəzalandırıldı”.