“Sabahın müəllimi” layihəsi uğurla davam edir
Naxçıvan, 19 mart, AZƏRTAC
Naxçıvan şəhər ümumtəhsil məktəblərində pedaqoji ixtisaslar üzrə təhsil alan təcrübəçi tələbələrin öyrəndikləri nəzəri biliklərin tətbiqi yolu ilə ixtisaslarını dərindən mənimsəmələri və peşəkar müəllim kimi yetişmələrinə şərait yaratmaq məqsədilə həyata keçirilən “Sabahın müəllimi” layihəsi davam edir.
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, növbəti görüş Naxçıvan şəhər 14 nömrəli tam orta məktəbdə Naxçıvan Müəllimlər İnstitutunun Riyaziyyat-informatika və İbtidai sinif müəllimliyi ixtisası üzrə təcrübədə olan tələbələr ilə baş tutub.
Təcrübəni aparan Naxçıvan şəhər 9 nömrəli tam orta məktəbin direktoru, Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsinin qalibi Nazim Rəhimov təcrübəçi tələbələrə məktəbin kompüter otağında keçirilən “Kiçik proqramçılar” adlı seminarın əhəmiyyətindən bəhs edib.
Nazim Rəhimov bildirib ki, kiçikyaşlı uşaqların düşündürücü və yaradıcı oyunlarla məşğul olmağı onların zehni inkişafına təkan verir. Müasir texnologiya mühitində doğulmuş uşaqların erkən yaşlardan proqramlaşdırma ilə tanışlığı günün aktual tələbləri sırasındadır. “Kiçik proqramçılar” adlı seminarın təşkilinin məqsədi də məhz təcrübəçi tələbələrə “Scratch3” və “ScratchJr” proqramlaşdırma dillərinin “Scratch1” və “Scratch2”dən fərqini, proqramın Azərbaycan dilində olmasını və 5-8, 8-15 yaşlı uşaqların bu proqramdan geniş istifadə edə bilmə imkanlarını öyrətməkdir.
Seminar zamanı təcrübəçi tələbələr əyani olaraq “Scratch” proqramı ilə tanış olub və onun işləmə alqoritmini öyrəniblər.
Qeyd edək ki, bu tədris ilində “Naxçıvan” Universitetinin və Naxçıvan Müəllimlər İnstitutunun, ümumilikdə, 376 tələbəsi fevralın 16-dan mayın 22-dək Heydər Əliyev adına tam orta məktəbdə, Naxçıvan Qızlar Liseyində və Naxçıvan şəhər ümumtəhsil məktəblərində pedaqoji təcrübə keçirlər.