QAN YADDAŞI
SABUNÇU RAYONUNDA ÜMUMXALQ HÜZN GÜNÜNÜN İYİRMİNCİ İLDÖNÜMÜ İLƏ BAĞLI TƏDBİRLƏR MÜƏYYƏNLƏŞDİRİLMİŞDİR
Bakı, 11 yanvar (AZƏRTAC). Sabunçu Rayon İcra Hakimiyyətindən (RİH) verilən məlumata görə, 20 Yanvar faciəsinin iyirminci ildönümü ilə bağlı hazırlanmış tədbirlər planına əsasən, bütün idarə və təşkilatlarda müxtəlif mərasimlərin keçirilməsi nəzərdə tutulmuşdur.
Planda təhsil müəssisələrində Vətənimizin suverenliyi, azadlığı və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsinə həsr edilmiş xüsusi dərslərin keçilməsi, mədəniyyət mərkəzlərində tematik gecələrin, mühazirələrin təşkil edilməsi nəzərdə tutulmuşdur. Tədbirlərdə gənclərin hərbi-vətənpərvərlik ruhunda tərbiyə olunmasına, onlarda milli qürur hisslərinin artmasına yönəldilmiş söhbətlər aparılacaqdır.
Yanvarın 17-də 20 Yanvar əlilləri və şəhid ailələrinin üzvləri ilə keçiriləcək görüşdə RİH tərəfindən onlara maddi yardım göstəriləcəkdir.
Yanvarın 20-də məscidlərdə, rayonda dövlət qeydiyyatından keçmiş dini icmalarda şəhidlərin xatirəsinə mərasimlər təşkil ediləcəkdir.
Ümumxalq hüzn günü rayon ictimaiyyətinin nümayəndələri Şəhidlər xiyabanını ziyarət edəcək, matəm əlaməti olaraq dövlət bayraqları endiriləcək, saat 12-də şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad ediləcəkdir.