Sabunçuda çay evindən oğurladığı əşyaları onlayn alış-veriş saytlarında satmaq istəyən şəxs saxlanılıb
Bakı, 23 dekabr, AZƏRTAC
Sabunçu rayonunun Balaxanı qəsəbəsindəki çay evlərindən birindən oğurluq edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bu barədə obyekt sahibi Sabunçu Rayon Polis İdarəsinin 12-ci polis bölməsinə məlumat verib. Şikayətçi gecə saatlarında çay evinin qapılarının qırıldığını və oradan iki “Sony playstation” kompüteri, bir skripka çalğı aləti və üç suvenir qəlyan dəstinin oğurlandığını bildirib. Həmin polis bölməsi əməkdaşlarının “isti” izlərlə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Sabunçu rayon sakini Elşad Qasımov tutulub. Saxlanılan şəxs ifadəsində oğurluq etdiyi çay evinin sahibini əvvəldən tanıdığını bildirib. Gecə saatlarında orada heç kimin olmadığını bildiyi üçün oğurluğu törətdiyini etiraf edib.
Qeyd edək ki, E.Qasımov hadisədən sonra oğurladığı əşyaları satmaq üçün onların şəkilini çəkərək onlayn alış-veriş saytlarında yerləşdirib.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.