Sabunçuda narkokuryerliklə məşğul olan paytaxt sakinləri məsuliyyətə cəlb ediliblər VİDEO
Bakı, 4 iyun, AZƏRTAC
Sabunçu Rayon Polis İdarəsinin (RPİ) əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat keçiriblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, əməliyyat tədbirləri nəticəsində narkokuryerlik fəaliyyəti ilə məşğul olan paytaxt sakinləri – əvvəllər məhkum olunmuş 43 yaşlı İlyas Hüseynzadə, 32 yaşlı İlkin Əliyev, 49 yaşlı Fəxrəddin Kazımov, 31 yaşlı Gülağa Cəfərov, 32 yaşlı Nərgiz Quliyeva, 57 yaşlı Şirzad Şirinov və 39 yaşlı Anar Yusifov saxlanılaraq cinayət məsuliyyətinə cəlb olunublar.
Onlardan ümumilikdə 18 kiloqram narkotik vasitə – heroin, marixuana, tiryək və psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülüb.
İlkin istintaq zamanı şübhəli şəxslər ifadələrində narkokuryerliyə sosial şəbəkələr vasitəsilə tanış olduqları İran vətəndaşları tərəfindən cəlb edildiklərini və həmin fəaliyyətə yüksək məbləğdə pul vədi ilə razı olduqlarını bildiriblər.
Qeyd edək ki, Sabunçu RPİ-nin əməkdaşları bu ilin əvvəlindən indiyə qədər keçirilən əməliyyatlar zamanı qanunsuz dövriyyədən 56 kiloqram narkotik vasitə çıxarıblar.
Faktlarla bağlı başlanılan cinayət işləri üzrə araşdırmalar davam etdirilir.