SİYASƏT
Sadiq Qurbanov: Prezident İlham Əliyevin siyasəti daim humanizm prinsiplərinə əsaslanıb
Bakı, 8 may, AZƏRTAC
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə özünün humanizmi və insanpərvərliyi ilə seçilib. Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin də humanizm prinsiplərinə əsaslanması təsadüfi xarakter daşımır.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Sadiq Qurbanov deyib.
O bildirib ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra həm Ümummilli Lider Heydər Əliyev, həm də Prezident İlham Əliyev dəfələrlə əfv sərəncamı imzalayaraq, müxtəlif cinayətlərə görə azadlıqdan məhrum olunan şəxsləri əfv edib, minlərlə ailəni sevindiriblər.
Bu gün “Məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə əfv olunması haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ümumilikdə dövlətimizin və Prezident İlham Əliyevin daim humanizm prinsiplərindən çıxış etdiyini göstərir. Azərbaycan müstəqilliyini bərpa etdikdən bu günədək belə əhatəli əfv olmayıb. Bu, müstəqillik tariximizin ən böyük əfv Sərəncamıdır.
“Müasir və müstəqil Azərbaycanın qurucusu Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan və 1995-ci il noyabrın 12-də referendum yolu ilə qəbul olunan Konstitusiyamızda əksini tapan maddələrin üçdəbiri insan hüquqlarının qorunmasına və müdafiəsinə xidmət edir. Prezident İlham Əliyev cəmiyyətdə Konstitusiyanın, qanunların aliliyini daim qorunmasına nail olub. Bununla yanaşı, həyatda yanlış addım ataraq cinayət törədənlər də unudulmayıb, onların cəmiyyətə qayıtmaları və tamhüquqlu vətəndaş kimi həyatlarını davam etdirmələri üçün Prezident tərəfindən tədbirlər görülüb”, - deyə deputat qeyd edib.
S.Qurbanov deyib ki, bu gün Azərbaycan tarixinin ən əhəmiyyətli mərhələsini yaşayır. Prezident İlham Əliyevin rəhbərliyi ilə Ordumuz işğal altında olan torpaqlarımızı azad edib. Azərbaycan beynəlxalq siyasi arenada diplomatik qələbələr qazanaraq özünü təsdiqləyib. Bütün bunlarla yanaşı, insan hüquq və azadlıqlarının təmin edilməsi Azərbaycanın beynəlxalq öhdəlikləri dəqiqliklə yerinə yetirdiyini, ən başlıcası isə ölkəmizin insanpərvərlik və mərhəmət əsasında idarə olunduğunu deməyə əsas verir.