“Sağlam Gənclik Marafonu”na start verilib
Bakı, 24 iyun, AZƏRTAC
Azərbaycan Gənclər Fondunun dəstəyi, “İrəli” İctimai Birliyi və Sağlam Gəncliyə Doğru” İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Sağlam Gənclik Marafonu” layihəsinin icrasına başlanılıb.
“İrəli” İctimai Birliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, layihənin əsas məqsədi gənclərin asudə vaxtının səmərəli təşkili, onlar arasında idmana marağın artırılması və sağlam həyat tərzində formalaşmasını təmin etməkdir.
Layihə müddətində müxtəlif idman növlərini əhatə edən beş turnir və iki təlim təşkil olunacaq.
Diqqətə çatdırılıb ki, layihə çərçivəsində ilk turnir 132-134 nömrəli Təhsil Kompleksində basketbol idman növü üzrə keçirilib.
Gənc iştirakçılar turnirdə birincilik uğrunda mübarizə aparıblar.
Gərgin keçən mübarizədə “İstiqlal” komandası birinci, “Zəfər” komandası ikinci, “Xarıbülbül” komandası isə üçüncü yerin qalibi olub.
Turnirin sonunda iştirakçı və qalib komandalar kubok və şəhadətnamə ilə təltif ediliblər.
“Sağlam Gənclik Marafonu” çərçivəsində növbəti turnir şahmat idman növü üzrə “Ağ At” Şahmat Klubunda keçirilib.
Olimpiya sisteminə uyğun olaraq təşkil olunan turnirdə ümumilikdə 40-dan çox gənc iştirak edib.
Yarışın sonunda iştirakçılar xatirə hədiyyələri və şəhadətnamələrlə mükafatlandırılıblar.
Qeyd olunub ki, layihə müddətində qarşıdakı günlərdə badminton, velosiped və stolüstü tennis idman növləri üzrə yarışların keçirilməsi nəzərdə tutulur.