“Sağlam məktəbli” layihəsi çərçivəsində növbəti görüş keçirilib
Bakı, 17 aprel, AZƏRTAC
Qida Təhlükəsizliyi Agentliyi “Sağlam məktəbli” layihəsi çərçivəsində ümumi təhsil müəssisələrində maarifləndirmə tədbirlərini davam etdirir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, həmin çərçivədə növbəti görüş Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki Məktəb-Lisey Kompleksinin şagirdləri ilə keçirilib.
Tədbirdə məktəblilər agentliyin fəaliyyət istiqamətləri, eləcə də qida təhlükəsizliyinin təmin olunması və sağlam qidalanmanın vacibliyi barədə məlumatlandırılıb. Həmçinin “Səhər yeməyi günün ən vacib yeməyidir” və “Qazlı-şəkərli və enerji içkilərinin uşaq orqanizminə təsiri” mövzularında təqdimatlar edilib, şagirdlərlə fikir mübadiləsi aparılıb. Eyni zamanda, istehlakçı kimi qida təhlükəsizliyi ilə bağlı qarşılaşdıqları hər hansı problem olduqda və ya sağlam qidalanma ilə əlaqədar suallar yarandıqda Qida Təhlükəsizliyi Agentliyinin “1003 Çağrı Mərkəzi”nə müraciət edə biləcəkləri məktəblilərin diqqətinə çatdırılıb.
Görüşdə şagirdləri maraqlandıran suallar cavablandırılıb, onlara sağlam qidalanmaya dair maarifləndirici bukletlər paylanıb.
Qeyd edək ki, “Sağlam məktəbli” layihəsi məktəblilər arasında sağlam qidalanmanın təşviq edilməsi, qida təhlükəsizliyi anlayışının təbliğ olunması və şagirdlərə qida təhlükəsizliyi vərdişlərinin aşılanması məqsədilə həyata keçirilir.