SAHİBKARLAR PREZİDENT İLHAM ƏLİYEVİN SİYASƏTİNİBƏYƏNİR VƏ DƏSTƏKLƏYİRLƏR
Respublikamızdakı son ictimai-siyasi hadisələrə həsr olunmuş tədbiri şura sədrinin müavini, “Xəzər” Səhmdar Cəmiyyətinin sədri Qüdrət Kərimov açaraq, ölkəmizdə bütün sahələrdə gedən inkişafı xüsusi qeyd etmiş, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan bu siyasi xətti Azərbaycan Prezidenti İlham Əliyevin uğurla davam etdirdiyini vurğulamışdır. Ölkəmizin iqtisadi göstəricilərin artımına görə, dünyada öndə getdiyini, sahibkarlığın inkişafına göstərilən diqqət və qayğını, əhalinin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində atılan addımları konkret faktlarla diqqətə çatdırmışdır. Bildirmişdir ki, respublikada fəaliyyət göstərən sahibkarlar prezidentin həyata keçirdiyi siyasəti bəyənir və tam dəstəkləyirlər.
Şura üzvləri son günlərdə ölkədə baş verən hadisələrdən danışmış, dövlətçiliyimizin, müstəqilliyimizin qorunması istiqamətində Prezident İlham Əliyevin atdığı uğurlu addımları, qəbul etdiyi qətiyyətli qərarları dəstəklədiklərini və sabitliyin təmin olunmasında sahibkarların dövlət başçısına daim güvəndiklərini nəzərə çarpdırmışlar.
Sonda respublika sahibkarları adından dövlətimizin başçısı İlham Əliyevə müraciət qəbul edilmişdir. Müraciətdə deyilir:
“Möhtərəm cənab Prezident!
Azərbaycanda fəaliyyət göstərən yerli və xarici sahibkarlar ümummilli liderimiz, sahibkarların mənəvi atası Heydər Əliyevin qurduğu və bütün maddi, mənəvi dəyərləri, dünya birliyində tutduğu layiqli yeri ilə bizə əmanət etdiyi müstəqil Azərbaycanın sosial-iqtisadi inkişafı yolunda ictimai sabitliyin təmin olunması üçün qəbul etdiyiniz qətiyyətli qərarları alqışlayırlar. Sizin doğma Azərbaycanımızın müstəqil inkişafı yolundakı mühüm və məsuliyyətli bir mərhələdə atdığınız addımları dəstəkləyirik və yüksək qiymətləndiririk.
Möhtərəm cənab Prezident!
Biz Azərbaycan Respublikası Prezidenti yanında Sahibkarlar Şurası olaraq, ölkədə fəaliyyət göstərən sahibkarları şura ətrafında təşkilatlandırmaqla, onların uğurlu fəaliyyətini mühüm dövlət proqramlarının səmərəli reallaşmasına istiqamətləndirən, dövlət-sahibkar münasibətlərini ictimai qaydada tənzimləyən, sahibkarların hüquq və mənafelərini müdafiə edən, institusional qurum kimi ölkədə ictimai-siyasi sabitliyin təmin olunmasının tərəfdarıyıq və bu sabitliyin təmin olunmasında Sizə güvənirik. Sizin sahibkarlara göstərdiyiniz diqqət və qayğının nəticəsidir ki, ölkədə mövcud olan əlverişli biznes mühiti daha da münbitləşir. Son illər Azərbaycanın sosial-iqtisadi inkişafında və xarici iqtisadi əlaqələrinin genişlənməsində özəl bölmənin rolu dinamik surətdə artır. Bununla da, Azərbaycanın beynəlxalq aləmdəki layiqli yeri daha da möhkəmlənir və imici yüksəlir. Odur ki, Azərbaycan sahibkarları Sizi sevir, Sizə güvənir, Sizin siyasətinizi dəstəkləməklə, ölkəmizin müstəqil inkişafı yolunda Sizin ətrafınızda sıx birləşərək, daha da əzmlə çalışırlar”.