İQTİSADİYYAT
SAHİBKARLARA KÖMƏK MƏQSƏDİ İLƏ
BMT-nin inkişaf proqramının və Respublika İqtisadi İnkişaf Nazirliyinin “Azərbaycanda kiçik və orta sahibkarlığın inkişafına yardım” layihəsinin həyata keçirilməsinə kömək məqsədi ilə ölkəmizin regionlarında mərkəzlər yaradılmışdır. Bu qurumlar sahibkarlara əməli kömək göstərirlər.
Respublika İqtisadi İnkişaf Nazirliyi Gəncə şəhər şöbəsində keçirilmiş müşavirə də məhz bu məsələyə həsr edilmişdi. Müşavirədə ötən dövr ərzində görülən işlərdən, kiçik və orta sahibkarlığa dövlət qayğısından söhbət açıldı. Qeyd olundu ki, indi Gəncədə 1607 təsərrüfat hesablı müəssisə, mindən çox özəlləşmiş müəssisə vardır. Təkcə bu ilin 7 ayında Gəncədə 44 milyard manatlıq sənaye məhsulu istehsal olunmuşdur. Bunun da 48 faizi özəl bölmənin payına düşür.
Yığıncaqda Azərbaycanda kiçik və orta sahibkarlığa yardım layihəsinin baş məsləhətçisi Atena Duyku çıxış edərək xarici ölkələrin sahibkarlığın inkişafı sahəsindəki təcrübəsindən danışdı. Sonra müzakirə olunan məsələlər ətrafında fikir mübadiləsi aparıldı.