Şahmat məşqçiləri ilə keçirilən görüşdə vacib məsələlər müzakirə edilib
Bakı, 1 avqust, AZƏRTAC
Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov paytaxt Bakıda, regionlarda və xaricdə yaşayan azərbaycanlı şahmat məşqçiləri ilə görüşüb.
Federasiyadan AZƏRTAC-a verilən məlumata görə, toplantıda əsas məqsəd müxtəlif yaş kateqoriyasında yığma komandaların hazırlığı ilə məşğul olacaq məşqçi heyətinin təsdiq edilməsi olub.
Görüşdə onlayn formada iştirak edən regionlarda fəaliyyət göstərən məşqçilər mövcud durumda narahatlıq yaradan problemlərdən danışıb və müxtəlif təkliflər səsləndiriblər.
Azərbaycan Şahmat Federasiyasının Məşqçilər, Uşaq və Gənclər, eləcə də Bəstəçilik Komissiyalarının nümayəndələri dərəcə üzrə turnirlərin təşkilindəki problemlər, regionlarda təcrübəli məşqçilərin azlığı, həmçinin metodik vəsaitin çatışmazlığı barədə məlumat veriblər. Görüşdə xarici məşqçilərin təcrübəsindən yararlanmaq və yığmaya namizəd olan yeniyetmələrin daha yüksək səviyyədə hazırlıq keçməsi ilə bağlı təkliflər dinlənilib. Məşqçilər cari ildə ilk dəfə reallaşdırılan “Azərbaycan şahmat turu” layihəsinin uğurlu olduğunu qeyd ediblər.
İclas zamanı məşqçilərlə seminarların keçirilməsi, xaricdən tanınan mütəxəssislərin təcrübə mübadiləsi üçün Azərbaycana dəvəti, federasiyanın yutub kanalı üzərindən onlayn dərslərin təşkili, şahmatçıları və məşqçiləri əhatə edəcək məlumat bazasının yaradılması, məşqçilərin sertifikatlaşdırılması prosesinin sona çatdırılması ilə bağlı fikir mübadiləsi aparılıb.
Gənclər və İdman Nazirliyi, Elm və Təhsil Nazirliyi ilə birgə normativ bazanın müddəalarına yenidən baxılaraq müasir tələblərə çatdırılmasının vacib olduğu vurğulanıb.
Mahir Məmmədov məşqçilərlə görüşlərin ənənə halını alacağını bildirib, səsləndirilən problemlərin həlli ilə bağlı müvafiq tapşırıqlarını verib.