Salyanda yaşıllıqların artırılması istiqamətində davamlı tədbirlər həyata keçirilir
Salyan, 19 mart, Mahir Babayev, AZƏRTAC
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə reallaşdırılan İDEA ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq kampaniyası çərçivəsində Salyanda növbəti iməcilik keçirilib.
AZƏRTAC xəbər verir ki, sakinlərlə yanaşı, rayonun idarə, müəssisə və təşkilatlarının kollektivləri də növbəti iməcilikdə fəallıq göstərib. İlk növbədə, əkin üçün ayrılan sahələrdə səliqə-sahman yaradılıb. Biomüxtəlifliyin artırılması və rayonun florasının daha da zənginləşdirilməsi məqsədilə yerli ağac növləri ilə yanaşı, şam, küknar tingləri də əkilib. İməcilikdə Ələt-Astara magistralının rayonun ərazisindən keçən hissəsi və şəhərin küçələrində 2,5 mindən çox ting əkilib və suvarılıb. Əvvəlki illərdə salınan yaşıllıqlara, gül kolları və ağaclara da qulluq edilib. Ekoloji tarazlığın bərpası və ətraf mühitin təhlükəsizliyinin təmin edilməsi məqsədilə rayonunda yaşıllıqların artırılması, yeni ağacların əkilməsi istiqamətində davamlı tədbirlər həyata keçirilir.