Salyanın dörd yaşayış məntəqəsini birləşdirən yol yenidən qurulur
Salyan, 31 may, Mahir Babayev, AZƏRTAC
Prezident İlham Əliyevin Sərəncamı ilə ayrılan vəsait hesabına Salyanda 25 mindən çox əhalinin yaşadığı və 4 yaşayış məntəqəsini birləşdirən Abad-Xələc-Kolanı və Yenikənd kəndlərarası yol yenidən qurulur.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tikinti işləri Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin 7 nömrəli Magistral yolların istismarı MMC-nin kollektivi tərəfindən aparılır.
Avtomobil yolu torpaq və çınqıl örtüklü olduğu üçün payız-qış aylarında sakinlərin gediş-gəlişində problemlər yaranırdı. Yeni yol bu çətinliyi aradan qaldıracaq.
Avtomobil yolu iki hərəkət zolaqlı olmaqla 4-cü texniki dərəcəyə uyğun qurulur.
İdarənin baş mühəndisi Ələddin Sadıqov bildirib ki, uzunluğu 17,10 kilometr, hərəkət hissəsi 6 metr olan yolun tikintisinə bu ilin əvvəlindən başlanılıb. Artıq yolun 8 kilometrlik hissəsinin əsası tökülüb, asfalt-beton örtüyünün birinci qatı vurulub. Həmçinin yolboyu 2 körpü tikilib, 20 suötürücü yenisi ilə əvəz olunub.
İşlər başa çatdıqdan sonra yolun kənarında iki dayanacaq quraşdırılacaq, yol nişanları qoyulacaq və hərəkət hissəsinə xətlər çəkiləcək. İnşaat işlərinin bu ilin oktyabr ayında başa çatdırılması nəzərdə tutulub.