Şamaxıda BDU kitabxanasının açılışı olub
Bakı, 2 may, AZƏRTAC
“Heydər Əliyev İli” çərçivəsində Şamaxı rayonunun Göylər kənd 2 nömrəli tam orta məktəbində Bakı Dövlət Universitetinin (BDU) kitabxanasının açılış mərasimi olub.
Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib.
Mərasimdə çıxış edən Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, BDU-nun rektoru Elçin Babayev, İsrailin Holon Texnologiya İnstitutunun prezidenti professor Eduard Yakubov, universitetin Sosial elmlər və psixologiya fakültəsinin dekanı Rövşən Cavadov, Psixologiya kafedrasının müdiri Səxavət Əliyeva və Dağlıq-Şirvan Regional Təhsil İdarəsinin rəhbəri Rövşən Əliyev Ulu Öndərin “Təhsil millətin gələcəyidir” kəlamını vurğulayaraq, cəmiyyətin və milli-mənəvi dəyərlərimizin inkişafında təhsilin xüsusi rolundan, ölkəmizdə təhsilə göstərilən dövlət qayğısından, bu sahədə qazanılan uğurlardan danışıblar.
Eyni zamanda, BDU-nun kitabxanasının Şamaxıda təhsil alan gənclərin istifadəsinə verilməsinin onlar üçün böyük töhfə olması vurğulanıb.
Sonra məktəbin şagirdləri vətənpərvərlik mövzusunda şeirlər söyləyib, rəqs və sərgi nümayiş olunub.