Şamaxıda vətəndaşların COVID-19 virusuna qarşı vaksinasiyası davam etdirilir
Şamaxı, 6 iyul, AZƏRTAC
Şamaxı rayonunda vətəndaşların COVID-19 virusuna qarşı vaksinasiyası davam etdirilir.
Rayonda fəaliyyət göstərən qərargahdan AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, Şamaxı Müalicə Diaqnostika Mərkəzində təşkil olunan vaksinasiya məntəqəsində bu günədək 28 min 759 nəfər rayon sakini peyvənd olunub. Onlardan 18 min 173 nəfərinə 1-ci doza, 10 min 586 nəfərinə isə 2-ci doza vurulub.
Son günlər ölkə ərazisində karantin qaydalarına tətbiq edilən yumşalmalar sakinlər arasında ruh yüksəlişi yaratmaqla yanaşı, peyvənd olunmaq istəyənlərin də sayında ciddi artıma səbəb olub. Rayon sakinlərinin qısa müddətdə peyvənd olunması məqsədilə Göylər kənd ailə sağlamlıq mərkəzində, eləcə də kənd və qəsəbələrdə fəaliyyət göstərən həkim və tibb məntəqələrində qrafik üzrə səyyar peyvəndləmə işləri həyata keçirilir.
Şamaxı rayonunda əhalinin bu istiqamətdə maarifləndirilməsi və peyvəndləmə işlərinin daha çevik təşkili istiqamətində tədbirlər davam etdirilir.