İQTİSADİYYAT
Samir Məmmədov: İlin sonunadək ölkənin əksər regionlarını əhatə edən genişzolaqlı şəbəkə qurulacaq
![Samir Məmmədov: İlin sonunadək ölkənin əksər regionlarını əhatə edən genişzolaqlı şəbəkə qurulacaq](/files/2024/1/1200x630/17097980934114129333_1200x630.jpg)
Bakı, 7 mart, AZƏRTAC
Son illər Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi inkişaf siyasəti çərçivəsində ölkəmizin bütün regionlarında, o cümlədən işğaldan azad olunmuş ərazilərdə, ucqar kənd və qəsəbələrdə genişzolaqlı internet infrastrukturunun müasir texnologiyalar əsasında yenidən qurulması və xidmət keyfiyyətinin artırılması istiqamətində irihəcmli layihələr həyata keçirilib.
AZƏRTAC xəbər verir ki, bu sözləri rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov “Biznes mühitinin yaxşılaşdırılması üzrə iqtisadi islahatlar və müasir çağırışlar” mövzusundakı konfransda deyib.
Onun sözlərinə görə, bu ilin sonunadək dövlət-özəl tərəfdaşlıq modeli əsasında bir neçə telekommunikasiya operatorunun birgə səyləri nəticəsində ölkənin əksər regionlarını əhatə edən yüksəksürətli genişzolaqlı şəbəkə qurulacaq.
Nazir müavini qeyd edib ki, azgəlirli və fiber-optik infrastrukturun qurulması üçün yüksək xərc tələb edən ərazilərdə isə əhaliyə simsiz texnologiyalar vasitəsilə internet xidmətlərinin verilməsi istiqamətində işlər davam etdirilir.
“İnternet xidmətlərinə əlçatanlığın təmin edilməsi məqsədilə internet xidmətlərinə qoşulmaq və ya internet tarifini dəyişmək üçün abunəçilərə onlayn imkan yaradılıb. Həmçinin internetə qoşulma haqqı ləğv edilib”, - deyə S.Məmmədov bildirib.