Samux rayonunda vətəndaşların təbii qazla bağlı müraciətləri dinlənilib
Bakı, 4 mart, AZƏRTAC
SOCAR “Azəriqaz” İstehsalat Birliyi (İB) tərəfindən başladılan “Açıq mikrofon” aksiyası növbəti dəfə Samux rayonunda reallaşıb.
AZƏRTAC İB-nin mətbuat xidmətinə istinadla xəbər verir ki, aksiyaya üz tutan sakinlər “Səyyar qəbul otağı”nın imkanlarından istifadə edərək qaz təsərrüfatı ilə bağlı üzləşdikləri çətinliklərdən söz açıblar. Samux rayonunun Kolayır kənd sakini Röyal Məmmədov və İstixana kənd sakini Elşən Süleymanov qaz sayğacının yerinin dəyişdirilməsi ilə bağlı müraciət edib. Samux şəhəri, Heydər Əliyev prospektində yaşayan Mahilə Əsədova isə yaşadığı evin qarşısından keçən yeraltı qaz xəttinin yerüstü qaz xətti ilə əvəz olunmasını istəyib. Aksiyaya Qarabağlılar kəndindən üz tutan sakinlər küçə qaz xəttinin çəkilməsini xahiş ediblər. Vətəndaşlar tərəfindən daxil olan hər bir müraciət birliyin Gəncə Regional Qaz İstismarı İdarəsinin rəhbərliyi tərəfindən dinlənilib, qeydə alınıb və icrası üçün lazım olan işlərin görülməsinə başlanılıb.