Sanitariya-gigiyena qaydalarını pozan şirkət məsuliyyətə cəlb olunub
Bakı, 24 aprel, AZƏRTAC
Daxili İşlər Nazirliyinin (DİN) Baş İctimai Təhlükəsizlik İdarəsinin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə reydlər keçirirlər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, aprelin 23-də Səbail rayonu ərazisində keçirilən növbəti belə tədbir zamanı Badamdar qəsəbəsi ərazisində sənaye və məişət tullantılarının qalaqlanması faktı aşkarlanıb.
İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsinin tələblərini pozduğuna görə “Yüksək-İnşaat” tikinti şirkəti barəsində səkkiz min manat məbləğində inzibati tənbeh tədbiri tətbiq olunub.
Bu istiqamətdə tədbirlər davam etdirilir.