Sankt-Peterburqda Azərbaycanın turizm potensialı təqdim olunub
Moskva, 30 mart, AZƏRTAC
Azərbaycanın Sankt-Peterburqdakı Baş konsulluğunun təşkilati dəstəyi ilə burada Azərbaycanın turizm potensialının təqdimatı keçirilib. Təqdimatda Rusiyanın Şimal paytaxtının aparıcı jurnal, qəzet və informasiya agentliklərinin 12 jurnalisti iştirak edib.
Konsulluğun mətbuat xidmətindən bildiriblər ki, baş konsul Elşad Qulamov Azərbaycan iqtisadiyyatının tərkib hissələrindən biri olan turizmdən, dövlətin bu sahəyə diqqətindən və keçirdiyi islahatlardan danışıb. Diplomat bildirib ki, Azərbaycanın zəngin mədəniyyəti, qədim tarixi abidələri, əlverişli iqlimi, qış-yay kurortları və müalicəvi turizm sanatoriyaları, habelə şaxələndirilmiş infrastrukturu turizmin inkişafı üçün geniş imkanlar açır. O vurğulayıb ki, ölkə rəhbərliyinin ölçülüb-biçilmiş və düşünülmüş siyasəti nəticəsində Azərbaycan regionun lider dövlətinə çevrilib. Baş konsul ölkənin iqtisadiyyatı və turizm sahəsi ilə bağlı jurnalistləri maraqlandıran suallara cavab verib.
Tədbirdə jurnalistlərə Azərbaycan haqqında videoçarx nümayiş etdirilib, “Odlar yurdu Azərbaycan” mövzusunda təqdimat olub. Bildirilib ki, ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində “Əsrin müqaviləsi” imzalanıb. Bu da Azərbaycanın təbii sərvətlərini dünya bazarlarına ixrac etməyə imkan verib. Müasir Azərbaycanda Prezident İlham Əliyev tərəfindən iqtisadiyyatla bərabər, mədəniyyət, elm, təhsil, səhiyyə, idman və gənclər siyasəti məsələlərinə böyük diqqət yetirilir. Ölkənin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın köməyi və dəstəyi ilə getdikcə daha çox yeni uğurlu layihələr həyata keçirilir.
Qonaqlara Azərbaycanda keçirilən beynəlxalq miqyaslı tədbirlərdən, o cümlədən bu ilin iyununda Bakıda keçiriləcək Birinci Avropa Oyunlarından söz açılıb. Həmin idman yarışını yüksək səviyyədə keçirmək üçün M.Əliyevanın rəhbərlik etdiyi Avropa Oyunlarının Təşkilat Komitəsi tərəfindən Bakıda və ölkənin regionlarında ən yüksək Avropa standartlarına cavab verən idman kompleksləri və stadionlar inşa edilib.
Baş konsulluğun təşəbbüsü ilə keçirilən tədbir Sankt-Peterburqun turizm məsələlərində ixtisaslaşan KİV-lərdə işıqlandırılıb.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri