SANKT-PETERBURQDA MDB PARLAMENTLƏRARASI ASSAMBLEYANIN İCLASI BAŞA ÇATMIŞDIR
AZƏRTAC-ın İTAR-TASS agentliyindən aldığı xəbərdə deyilir ki, dekabrın 4-də Sankt-Peterburqda MDB dövlətləri Parlamentlərarası Assambleyasının (MDB PA) 24-cü ümumi iclası 13 model qanun və üç qərar qəbul edilməsi ilə başa çatmışdır. Qərarlar beynəlxalq terrorizmlə mübarizədə MDB PA dövlətləri parlamentlərinin rolunu, mədəniyyət, insan hüquqlarının və əsas azadlıqların qorunması sahəsində bu dövlətlərin əməkdaşlığının gücləndirilməsi ilə bağlıdır.
“MDB PA-nın üzvü olan dövlətlərin parlamentlərinin beynəlxalq terrorizmlə mübarizədə rolunun gücləndirilməsi haqqında” qərarda Assambleya “beynəlxalq öhdəliklərə uyğun olaraq, bu təhlükə ilə dönmədən mübarizə aparmaq əzmini təsdiqləyir”.
Deputatlar “Terrorizmlə mübarizə haqqında” model qanununa düzəlişlər və “Fəaliyyəti digər dövlətlərin ərazilərində terrorizm aktları həyata keçirmək məqsədi ilə bağlı olan təşkilatlarla və şəxslərlə mübarizə haqqında” və “Radioaktiv materialların dövriyyəsinə nəzarət haqqında” model qanunlar qəbul etmişlər.
İclasda “MDB dövlətlərinin mədəni əməkdaşlığı haqqında” qərar da qəbul olunmuşdur. İclas iştirakçıları “Milli səviyyədə mədəniyyətin inkişafını dəstəkləmək və bunun üçün sərmayələri artırmaq”, “Əsas diqqəti mədəni irsin qorunub saxlanılmasına yönəltmək”, habelə mədəni irsin ölkədən qanunsuz çıxarılmasının və bu irs üzərində mülkiyyət hüququ verilməsinin qadağan edilməsinə və qarşısının alınmasına yönəldilmiş tədbirlər sistemi hazırlamaq” xahişi ilə MDB ölkələrinin hökumətlərinə müraciət etmək niyyətindədirlər. Onlar “Mədəniyyət haqqında” və “Dillər haqqında” model qanunlar da qəbul etmişlər.
Deputatlar vətəndaşların hüquq və azadlıqlarının qorunması sahəsində Birlik dövlətlərinin ümumi problem və mənafelərini nəzərə alaraq, “MDB dövlətlərində insan hüquqlarına və əsas azadlıqlara riayət olunması haqqında” qərar qəbul etmişlər. Onlar “İnsan hüquqları üzrə müvəkkilin statusu haqqında” və “Şəkərli diabet xəstəliyinə tutulmuş vətəndaşların əsas tibbi-sosial müdafiəsi haqqında” model qanunlarını da təsdiqləmiş, seçkilərə və referendumlara nəzarətdə MDB-nin beynəlxalq müşahidəçiləri üçün tövsiyələrin yeni redaksiyasını qəbul etmişlər. İclasda MDB dövlətləri üçün model torpaq kodeksi və bir sıra digər model qanunlar da qəbul olunmuşdur.
Ümumi iclasda qəbul olunmuş bütün qanun layihələri MDB Parlamentlərarası Assambleyasının üzvü olan dövlətlərin parlamentlərinə göndəriləcək və onların milli qanunvericiliklərində iştifadəsi tövsiyə ediləcəkdir.