SANKT-PETERBURQDA RUSİYADA AZƏRBAYCAN İLİ ÇƏRÇİVƏSİNDƏ TƏDBİRLƏR KEÇİRİLİR
Bu məqsədlə respublika Gənclər, İdman və Turizm Nazirliyinin mötəbər nümayəndə heyəti Sankt-Peterburqa gəlmişdir. Nümayəndə heyətinə daxili və beynəlxalq turizmin inkişafı ilə məşğul olan şöbələrin rəisləri, habelə Azərbaycan Kulinariya Mərkəzinin direktoru daxildirlər. Tədbirlər planını Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu Qüdsi Osmanov, Milli Məclisin MDB Parlamentlərarası Assambleyasındakı nümayəndəsi Aydın Cəfərov, şimal paytaxtındakı diasporumuzun rəhbəri V. Məmişov hazırlamışlar.
Ölkəmizin Sankt-Peterburqdakı Baş konsulluğundan AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, Azərbaycan nümayəndə heyəti şəhər icra hakimiyyətinin Beynəlxalq əməkdaşlıq və turizm komitəsi sədrinin müavini Marianna Orconikidze ilə görüşmüşdür. Görüşdə Azərbaycanla Sankt-Peterburq arasında turizmin inkişafı sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunmuşdur. Nümayəndələrimiz ölkəmizin böyük turizm potensialından və Azərbaycanla Sankt-Peterburq arasında birbaşa əlaqələrin yaradılmasının vacibliyindən söhbət açmışlar. Q.Osmanov bildirmişdir ki, turizmin birbaşa qarşılıqlı fəaliyyətinin inkişafı Baş konsulluğun işinin öncül istiqamətidir. Gələn ilin Azərbaycanda Rusiya ili elan olunduğunu xatırladan baş konsul turizm sahəsində müsbət dəyişikliklərlə yaxından tanış olmaq məqsədi ilə Sankt-Peterburq icra hakimiyyəti nümayəndələrini ölkəmizə dəvət etmişdir.
Müzakirələrdən sonra icra hakimiyyətinin akt salonunda ölkəmizin turizm potensialı, Bakıda və bölgələrdə fəaliyyət göstərən turizm obyektləri haqqında film nümayiş etdirilmişdir.
Baş konsulluqdan onu da bildirmişlər ki, rusiyalıları Azərbaycan milli mətbəxi ilə tanış etmək də nəzərdə tutulmuşdur. Milli mətbəx sərgisi yeni Azərbaycan Kulinariya Mərkəzinin açılışı çərçivəsində nümayiş olunacaqdır.