Sankt-Peterburqda “Xocalıya ədalət” mövzusunda elmi-praktiki konfrans keçirilmişdir
Bakı, 27 fevral (AZƏRTAC). Sankt-Peterburqda Xocalı faciəsinin 20-ci ildönümünə həsr edilmiş “Xocalıya ədalət” mövzusunda elmi-praktiki konfrans keçirilmişdir. Tədbirdə 1200-ə yaxın adam, o cümlədən alimlər, tarixçilər, şəhərdəki ali məktəblərin müəllimləri, diaspor nümayəndələri, tələbələr və KİV təmsilçiləri iştirak etmişlər.
Həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
AZƏRTAC Azərbaycanın Sankt-Peterburqdakı Baş Konsulluğunun mətbuat xidmətinə istinadla xəbər verir ki, tədbirin əvvəlində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Xocalı soyqırımının 20-ci ildönümü ilə əlaqədar müraciətinin mətni oxunmuşdur.
Sankt-Peterburq Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru, kulturologiya doktoru, Rusiya Yazıçılar İttifaqının üzvü, “Qarabağ gündəliyi” kitabının müəllifi, 1992-ci ildəki o dəhşətli hadisələrin şahidi olmuş Yuri Pompeyev konfransda çıxış etmişdir. O vurğulamışdır ki, Ermənistanın indiki rəhbərləri başda olmaqla bu dəhşətli cinayətləri törətmiş adamlar cəzalandırılmalıdır, gənc nəsil isə gələcəyi dərk etmək üçün öz tarixini, öz keçmişini bilməlidir.
Sankt-Peterburq administrasiyasının Millətlər Evinin Millətlərarası münasibətlər şöbəsinin rəisi, Leninqrad Dövlət Universitetində 20 il Azərbaycan tarixindən dərs demiş Vladimir Mixaylenko qeyd etmişdir ki, Azərbaycan xalqının qədim tarixi yaddaşı vardır. Əgər bu tarix unudulsa, xalq məhv olar. O vurğulamışdır ki, ilk növbədə gəncləri tolerantlıq, yaxınlarına hörmət ruhunda tərbiyə etmək lazımdır. Bununla bərabər, öz tarixini, xüsusən faciəli tarixi unutmaq olmaz.
Georgiyev İttifaqının sədri Vladimir Braun tədbirdə çıxış etmişdir. O demişdir ki, şərəf və ləyaqət insanın mühüm əxlaqi dəyərləridir, Xocalıda dəhşətli əməllər törətmiş bütün cinayətkarlar ədalət məhkəməsinə cəlb edilməli və cəzalandırılmalıdır. O xüsusi qeyd etmişdir ki, həmin hadisələrin xronikasını görərkən insanların qəlbində qəddarlıq hissləri yaranmaması çox vacibdir.
Baş konsul Qüdsi Osmanov Xocalıya həsr edilmiş tədbirlərin bütün dünyada keçirilməsi barədə görüş iştirakçılarına məlumat vermişdir. Qüdsi Osmanov Heydər Əliyev Fondunun vitse-prezidenti, İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət” kampaniyası çərçivəsində aparılan güclü təbliğat işini xüsusi vurğulamışdır. O, ümidvar olduğunu bildirmişdir ki, bir sıra ölkələrin parlamentləri tezliklə Xocalı soyqırımına hüquqi qiymət verəcəklər.
Diplomat Sankt-Peterburqun Azərbaycan icmasını “Xocalıya ədalət” kampaniyasında daha fəal iştirak etməyə çağırmış, Sankt-Peterburqda bu layihəni həyata keçirəcək işçi qrup yaradılmasını təklif etmişdir. Konfrans iştirakçıları bu təklifi dəstəkləmişlər. Qüdsi Osmanov sonra qeyd etmişdir ki, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən xarici siyasət Azərbaycan reallıqlarının dünya ictimaiyyətinə çatdırılması işində böyük uğurlar qazanmışdır.
Sankt-Peterburq müsəlmanları Ruhani İdarəsinin sədri müfti Jafar Ponçayev Azərbaycan xalqına başsağlığı verərək demişdir ki, günahsız insanların qətlə yetirilməsi heç bir dində təqdir edilmir. O, Xocalı qurbanlarının ruhuna dua oxumuşdur.
“Sankt-Peterburqun Azərbaycan diasporu” regional ictimai təşkilatının rəhbəri Heydər İmanov dünya Azərbaycan diasporunun bütün qüvvə və potensialını Xocalı soyqırımının müxtəlif ölkələrin parlamentləri tərəfindən tanınmasına yönəltməyə çağırmışdır.
“Azərbaycanın Dostları Cəmiyyəti - Naxçıvan” ictimai təşkilatının rəhbəri İdris Qəhrəmanov Xocalı faciəsinin Rusiya parlamentində müzakirə edilməsi və bu faciənin soyqırımı kimi tanınması məqsədi ilə Rusiyada yaşayan azərbaycanlılar adından Rusiya Federasiyasının dövlət orqanlarına müraciət hazırlamağı təklif etmişdir.
“Vətən” İctimai Təşkilatının rəhbəri Məzahir Həsənov gəncləri Azərbaycan reallıqlarının təbliğində daha fəal iştirak etməyə, öz Vətəninin tarixinin faciəli səhifələrini unutmamağa çağırmışdır.
Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının regional bölməsi adından Sankt-Peterburq Dövlət Universitetinin jurnalistika fakültəsinin 3-cü kurs tələbəsi Nahid Babayev çıxış etmişdir. O, gəncləri Xocalı hadisələri barədə öz kurs yoldaşlarını daha fəal məlumatlandırmağa, Azərbaycanın bu şəhərində törədilmiş soyqırımına həsr edilmiş seminar və konfransları tez-tez təşkil etməyə çağıraraq, vurğulamışdır ki, bu faciəyə beynəlxalq hüquq baxımından düzgün qiymət verilməlidir.
Ermənistan-Azərbaycan sərhədində partladıcı qurğunun işə düşməsi nəticəsində həlak olmuş məktəbli Aygünün anası Elnarə Şahmalıyeva da tədbirdə çıxış etmişdir. O qeyd etmişdir ki, ermənilər balaca itə oxşayan oyuncağın içərisinə qoyulmuş partladıcı qurğunu Əlibəyli kəndinin ərazisindən keçən Tovuz çayının axarı boyunca buraxmışlar. O vaxt uşaqlar bu çayın sahilində oynayırmış. 13 yaşlı Aygünün evə gətirdiyi bu oyuncaq onun ölümünə səbəb olmuşdur. Elnarə Şahmalıyeva demişdir ki, övladı həlak olmuş bir ana kimi, 20 il bundan əvvəl fevralın 25-dən 26-a keçən gecə azərbaycanlı anaların keçirdiyi hisslər ona hamıdan yaxşı tanışdır. O, əmin olduğunu bildirmişdir ki, həlak olmuş günahsız uşaqların heç birinin xatirəsi unudulmayacaqdır.
Konfransın keçirildiyi mədəniyyət evinin hollunda Xocalıda baş vermiş dəhşətli hadisələri əks etdirən foto-sərgi təşkil edilmişdir. Tədbirin sonunda ehsan verilmişdir.