Şarjah beynəlxalq forumunda hökumətlə vətəndaş cəmiyyəti arasında əlaqələr müzakirə edilib
Qahirə, 6 mart, AZƏRTAC
Birləşmiş Ərəb Əmirliklərinin Şarjah şəhərində cəmiyyətin həyatında tərəqqiyə nail olmaq üçün hökumətlərin kommunikasiya vasitələri ilə bağlı məsələ müzakirə edilib.
AZƏRTAC xəbər verir ki, ikigünlük Beynəlxalq Hökumət Kommunikasiya Forumunda dünyanın müxtəlif ölkələrindən gəlmiş alimlər, media nümayəndələri və hökumət üzvləri iştirak ediblər.
Kanadanın sabiq general-qubernatoru və Silahlı Qüvvələrin Ali Baş Komandanı Mişel Jana forum iştirakçılarına müraciətində bildirib ki, müasir informasiya texnologiyaları şəraitində daha həssas problemə çevrilən kommunikasiya vasitələri cəmiyyətdə sabitliyin qorunub saxlanılmasında, hökumətlərin vətəndaş cəmiyyəti ilə koordinasiyalı fəaliyyətində mühüm rol oynayır. O əlavə edib ki, bu prosesin uğurla nəticələnməsi məqsədilə birgə strategiyalar işlənib hazırlanmalıdır. Kanadada multikulturalizm və mədəniyyətlərarası dialoq məsələlərinə böyük əhəmiyyət verildiyini qeyd edən M.Jana diqqətə çatdırıb ki, artıq dünyanın bir çox ölkələri bəşəriyyət üçün vacib olan bu proseslərə fəal şəkildə qoşulublar.
Tanınmış kommunikasiya mütəxəssisi və jurnalist Motaz Məşəl vurğulayıb ki, hər bir cəmiyyət ölkədə baş verən proseslərə cavabdehlik daşıyır. Hökumətlə vətəndaş cəmiyyəti arasında sıx əlaqə problemlərin çevik həllində mühüm amildir. "Batan gəminin kapitanı göyərtədəki insanları ölümə yox, xilas olmağa hazırlamalıdır. Hökumətlər də, öz növbəsində, vətəndaşları çətin vəziyyətlərdən çıxarmaq üçün yollar göstərməli, insanlarla məsləhətləşməlidir", -deyə Məşəl vurğulayıb.
Forumda süni intellekt, yeni kommunikasiya texnologiyaları üzrə təqdimatlar edilib. İştirakçılar 57 panel iclasında iştirak edib, tədbir çərçivəsində təşkil edilmiş sərgi ilə tanış olublar.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə