“Saudi Aramco”nun xalis mənfəəti azalıb
Bakı, 16 mart, AZƏRTAC
Dünyanın ən dəyərli şirkəti olan Səudiyyə Ərəbistanının milli neft şirkəti “Saudi Aramco”nun xalis mənfəəti azalıb.
AZƏRTAC şirkətə istinadla xəbər verir ki, ötən il “Saudi Aramco”nun xalis mənfəəti əvvəlki ilə nisbətən 20 faiz azalaraq 88,2 milyard dollara düşüb. Şirkət 2018-ci ildə 111,1 milyard dollar xalis mənfəət əldə etmişdi.
“Saudi Aramco”nun mənfəətinin azalmasına xam neftin qiymətinin ucuzlaşması təsir edib. Belə ki, “Brent” markalı neftin bir barrelinin orta qiyməti 2018-ci ildə 71,19 dollar, 2019-cu ildə isə 9,6 faiz azalaraq 64,37 dollar olub.
Şirkət ötən il gündəlik orta hesabla 13,2 milyon barrel karbohidrogen hasil edib. “Saudi Aramco”nun kapital xərcləri isə 2019-cu ildə əvvəlki ilə nisbətən 6,5 faiz azalaraq 32,8 milyard dollara düşüb. Cari ildə bu məbləğin 25-30 milyard dollar arasında olacağı gözlənilir.
Bundan əlavə, “Saudi Aramco”nun xam neft ehtiyatları 2018-ci ildə 256,9 milyard barrel olub, keçən il isə 0,66 faiz artaraq 258,6 milyard barrelə çatıb.
Qeyd edək ki, dekabrın 5-də Səudiyyə Ərəbistanının “Tadawul” birjasında ilk dəfə səhmlərinin kütləvi yerləşdirilməsini (IPO) həyata keçirən “Saudi Aramco” dünyanın ən yüksək bazar dəyəri olan şirkəti olub, dekabrın 12-də şirkətin bazar dəyəri 2 trilyon dolları keçməklə daha bir rekorda imza atıb.
Neft qiymətlərinin ötən həftə son 4 ilin ən aşağı səviyyəyə enməsi nəticəsində isə “Aramco”nun bazar dəyəri bir həftədə 230 milyard dollar azalıb.