Səbail rayonunda növbəti ağacəkmə aksiyası keçirilib
Bakı, 16 mart, AZƏRTAC
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi Leyla Əliyevanın təşəbbüsü ilə ötən il başlamış birinci “Ümumrespublika Yaşıllaşdırma Marafonu” layihəsi çərçivəsində ölkədə xeyli ağac və gül kolları əkilib. Bu layihə çərçivəsində görülən işlər Azərbaycan Prezidenti İlham Əliyevin respublikamızın paytaxtında yaşıllıqların artırılması barədə göstərişinin yüksək səviyyədə həyata keçirilməsinə xidmət edir.
Bu nəcib təşəbbüsə ilk qoşulanlardan olan Səbail rayon ictimaiyyətinin nümayəndələri tərəfindən marafon çərçivəsində genişmiqyaslı ağacəkmə aksiyası keçirilib. Rayon rəhbərliyi, idarə və təşkilatların, ali və orta təhsil müəssisələrinin, təsərrüfat xidmətlərinin nümayəndələri daxil olmaqla ümumilikdə 500 nəfərdən çox insanın iştirakı ilə Abbasqulu Abbaszadə küçəsi boyunca böyük bir ərazidə ağacəkmə aksiyası təşkil olunub.
İlk növbədə abadlaşdırılan ərazidə təmizləmə işləri görülüb, yeni torpaq qatı salınıb, mineral gübrələr səpilib. Əvvəllər əkilmiş və yeni əkiləcək ağacların suvarılması üçün su maşınları cəlb olunub, yaşıllıqlara lazımi səviyyədə qulluq göstərilməsi məqsədilə yeni su xətti çəkilib, ən əsası isə böyük miqdarda dekorativ ağac və gül kolları alınıb. Biomüxtəlifliyin artırılması və rayonun florasının daha da zənginləşdirilməsi məqsədi ilə yerli ağac növləri ilə yanaşı, bir sıra xarici ölkələrdən müxtəlif gül və ağac kolları gətirilib.
“Yaşıl Marafon” çərçivəsində keçirilən aksiya zamanı 2000 ədəd yeni ağac əkilib, əvvəl əkilmiş 2000 ədəd ağaclara isə qulluq göstərilib.
Səbail Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov da aksiyada iştirak edib. O deyib ki, bugünkü iməcilik həm də Bakı şəhərində keçiriləcək ilk Avropa Oyunları ərəfəsində paytaxtımızın daha da gözəlləşməsinə öz töhfəsini verəcək. Eyni zamanda, ilin əvvəlindən rayon icra hakimiyyəti tərəfindən Bakı şəhərinin cənub çıxışında, Salyan yolu boyunca böyük bir ərazidə də irimiqyaslı yaşıllaşdırma işləri aparılır. Burada çoxlu sayda ağac və gül kolları əkilib və hazırda onlara gündəlik qulluq göstərilir.
Mövsüm ərzində rayonda bu kimi aksiyaların mütəmadi olaraq keçirilməsi nəzərdə tutulub.