Səbail rayonunda Xocalı şəhidlərinin xatirəsi silsilə tədbirlərlə anılıb
Bakı, 25 fevral, AZƏRTAC
Xocalı soyqırımının 24-cü ildönümü ilə əlaqədar Bakının Səbail rayonunda da tədbirlər keçirilir, faciə qurbanlarının xatirəsi anılır.
Səbail Rayon İcra Hakimiyyətindən (RİH) AZƏRTAC-a bildiriblər ki, tədbirlər planına uyğun olaraq, idarə və müəssisələrdə, ali və orta məktəblərdə, mədəniyyət ocaqlarında anım mərasimləri, xatirə gecələri, foto və rəsm sərgiləri, şahidlərlə görüşlər təşkil edilib.
Fevralın 25-də rayonun orta və ali məktəblərində ilk dərslər Xocalı faciəsinə həsr olunub. Dövlət Gənc Tamaşaçılar Teatrında faciə ilə bağlı “Xocalıda qırmızı mələk” tamaşanın premyerası, Badamdar Mədəniyyət evində ədəbi-bədii kompozisiya, həmçinin yuxarı sinif şagirdlərinin Hərbi Prokurorluğun inzibati binasında yaradılmış Memorial Soyqırımı Muzeyinə ekskursiyası təşkil olunub. Bununla yanaşı, səbailli məktəblilər arasında güllə atıcılığı üzrə yarış keçirilib.
Faciənin ildönümü ərəfəsində rayon icra hakimiyyətində Xocalıdan məcburi köçkün vəziyyətinə düşərək Səbail rayonunda məskunlaşmış 15 ailənin nümayəndələri ilə görüş keçirilib.
Görüşdə rayon icra hakimiyyətinin başçısı Eldar Əzizov Azərbaycan xalqının qan yaddaşı olan Xocalı faciəsi, habelə ermənilərin tarix boyu xalqımıza qarşı törətdikləri vəhşiliklər və soyqırımları ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması üçün həyata keçirilən işlər barədə məlumat verib. O, faciənin dünya ictimaiyyətinə çatdırılmasında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin misilsiz xidmətlərini xüsusi qeyd edib. Bildirib ki, məhz Ulu Öndərin təşəbbüsü ilə Milli Məclisdə ilk dəfə bu məsələyə siyasi-qiymət verilib, faciənin dünya ictimaiyyətinə çatdırılması məqsədilə məqsədyönlü və genişmiqyaslı işlərə başlanılıb. Bu işlərin nəticəsidir ki, hər il Xocalı faciəsi qurbanlarının xatirəsi respublikamızla yanaşı, dünyanın yüzdən çox ölkəsində anılır, bu dəhşətli cinayəti törədən ermənilərin iç üzü beynəlxalq ictimaiyyətə çatdırılır.
E.Əzizov Xocalının, həmçinin işğal altındakı digər ərazilərimizin Prezident İlham Əliyevin apardığı məqsədyönlü siyasət nəticəsində tezliklə azad ediləcəyinə, ölkəmizin ərazi bütövlüyünün bərpa olunacağına əminliyini bildirib. Qeyd olunub ki, fevralın 26-da Səbail rayonunun sənaye, təhsil, səhiyyə və s. müəssisələrinin kollektivləri də “Xocalı harayı” abidəsini ziyarət edəcək. Həmin gün rayondakı məscidlərdə Xocalı şəhidlərinin ruhuna dualar oxunacaq, “Bibiheybət” və İçərişəhərdəki “Cümə” məscidlərində ehsan veriləcək.
Tədbirdə çıxış edən məcburi köçkünlər Xocalının azad olunacağını səbirsizliklə gözlədiklərini və bu günün yaxında olduğuna inandıqlarını bildiriblər.
Sonda xocalılı məcburi köçkünlərə rayon icra hakimiyyəti tərəfindən maddi yardım və ərzaq payı təqdim olunub.