CƏMİYYƏT
Səbaildə “Yaşıl marafon” çərçivəsində növbəti aksiya keçirilib
Bakı, 18 aprel, AZƏRTAC
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüskarı olduğu “Ümumrespublika yaşıllaşdırma marafonu” layihəsi respublikamızın bütün bölgələrində olduğu kimi, Bakı şəhərinin mərkəzi rayonu olan Səbaildə də davam edir. Səbail rayon ictimaiyyətinin nümayəndələri “Yaşıl marafon”un ikinci mərhələsi çərçivəsində artıq 3-cü ağacəkmə aksiyasını keçiriblər. 300-dən çox insanın iştirakı ilə keçirilən növbəti aksiya sürüşmə zonası olan Badamdar şossesi və Bakının cənub-qərb çıxışı olan Salyan yolu boyunca böyük bir ərazini əhatə edib.
Aksiya zamanı 1000 yeni ağac və 30000 gül kolu əkilib, əvvəl əkilmiş 2000 ağaca qulluq göstərilib.
Aksiyada iştirak edən Səbail Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov qeyd edib ki, yol kənarlarında əkilən ağaclar bu ərazidə ekoloji tarazlığın bərpası və ətraf mühitin təhlükəsizliyinin, insanların sağlamlığının təmin edilməsi, rayonda yaşıllıqların artırılması, ərazinin gözəlləşməsi, yeni ağacların əkilməsi istiqamətində görülən işlərin davamıdır.
Mövsüm ərzində rayonda bu kimi aksiyaların mütəmadi olaraq keçirilməsi nəzərdə tutulub.