Sədaqət Vəliyeva: Azərbaycan Konstitusiyası humanistliyinə görə bir sıra dünya ölkələrinə nümunədir
Bakı, 12 noyabr, AZƏRTAC
Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası, müstəqil dövlət quruculuğu prosesini nizama salan, demokratik inkişafı təmin edən hüquqi sənəddir.
Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.
S.Vəliyeva bildirib ki, Azərbaycan Konstitusiyası özündə insanların hüquq və azadlıqlarını, qanunvericilik, icra və məhkəmə hakimiyyətini, dövlət quruluşunu, mülkiyyət formalarını ehtiva edən dünyanın ən demokratik konstitusiyalarından biridir: “Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu Azərbaycan Respublikasının Konstitusiyası Azərbaycanın bugünkü varlığının, inkişafının və gələcək tərəqqisinin hüquqi əsasıdır. Zaman keçdikdə, Azərbaycan Respublikasının inkişaf dinamikasına uyğun olaraq konstitusiyaya əlavə və dəyişikliklərin edilməsi ilə bağlı üç dəfə ümumxalq səsverməsi - referendum keçirilərək, Ana qanunun hüquqi potensialı daha da zəngiləşdirilib”.
Deputat vurğulayıb ki, demokratik dəyərlər əsasında formalaşdırılmış Azərbaycan Respublikasının Konstitusiyası dolğun və mükəmməl bir hüquqi sənəd olaraq, xalqımızın firavanlığına və ölkəmizin tərəqqisinə xidmət edir. Onun sözlərinə görə, Azərbaycan Respublikasının Konstitusiyası demokratikliyinə, şəffaflığına və humanistliyinə görə bir sıra dünya ölkələrinə nümunədir.