“See Breeze 2026” çimərlik polosu turnirinin komandaları təqdim edilib
Bakı, 10 sentyabr, AZƏRTAC
Sentyabrın 11-13-də keçiriləcək “See Breeze 2026” beynəlxalq çimərlik polosu turnirində iştirak edəcək komandalar təqdim olunub.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Atçılıq Federasiyası məlumat yayıb.
Bildirilir ki, mərasimdə çıxış edən federasiyanın baş katibi Elvin Məmmədxanov turnirdə iştirak edəcək komandalara uğurlar arzulayaraq güclünün qalib gələcəyinə ümid etdiyini deyib. “World polo” şirkətinin prezidenti Reto Qaudenzi İsveçrə, Böyük Britaniya, Azərbaycan və Rusiya kollektivlərini ardıcıllıqla səhnəyə dəvət edib, komandalar kollektiv şəkil çəkdirib.
Sentyabrın 11-də saat 16:00-da turnirin açılış oyununda qum üzərinə “Red Star” və “Sankt Moritz” komandaları çıxacaq. Günün ikinci matçında isə yerli “Elite polo club” “Moscow polo club”la qarşılaşacaq. Turnirə sentyabrın 13-də yekun vurulacaq.