Səfa Kərimov: Müqəddəs dəyərlərə hörmətsizlik qəbuledilməzdir
Bakı, 15 mart, AZƏRTAC
Bütün dünyanın Qarabağda gördükləri, şahidi olduğumuz dağıntılar, xüsusən dini abidələrə, müqəddəs dəyərlərə münasibət şok yaratmaya bilməzdi. Ona görə ki, Quran və məscid hər bir müsəlmanın nəzərində ən müqəddəs dəyərlərdir.
Rusiya Federasiyası Müsəlmanlarının Ruhani İdarəsinin sədrinin birinci müavini, Moskva İslam İnstitutunun rektoru Səfa Kərimov bu fikirləri AZƏRTAC-a müsahibəsində söyləyib.
S.Kərimov deyib: “İnsan öz həyatının ən əlamətdar hadisələri ilə əlaqədar üz tutduğu müqəddəs ziyarətgahın, məscidin dağıdılmasını, yerlə-yeksan edilməsini, onun daşı daş üstə qalmamasını, üstəlik, qonşuların o abidələrə necə etinasız münasibət bəsləməsini görəndə bu, əlbəttə insanın qəlbini yaralayır, dərin iz qoyur. Axı, zaman keçdikdə çox şey unudulur, hər hansı düşmənlər haçansa barışır, lakin bu cür hörmətsizlik, müqəddəs, əziz dəyərlərə etinasızlıq daha dərin yaraya çevrilir. Bütün dünya başa düşməlidir: elə müqəddəs dəyərlər var ki, hətta qonşu dövlətlər arasında hər hansı münaqişələr baş verəndə də onlara əsla toxunmaq olmaz, əks halda bəşəriyyətin mövcudluğunun prinsipləri pozulur”.