Səfir Auqusto Massari: Sumqayıt Kimya Sənaye Parkı məndə çox böyük təəssürat yaratdı
Bakı, 31 yanvar, AZƏRTAC
Sumqayıt Kimya Sənaye Parkı məndə çox böyük təəssürat yaratdı. Əvvəl də burada olmuşdum. Buradakı sənaye zavodlarının bəziləri İtaliya şirkətləri tərəfindən tikilib. Bildiyiniz kimi, Azərbaycan Prezidenti İlham Əliyev və İtaliya Prezidenti Sercio Mattarellanın iştirakı ilə burada “SOCAR Polymer” layihəsi çərçivəsində inşa edilən polipropilen zavodunun da açılışı olub və mən də öz dövlətimin başçısını müşayiət etmişəm.
Bu sözləri İtaliyanın Azərbaycandakı səfiri Auqusto Massari AZƏRTAC-a açıqlamasında deyib.
“Bu gün buradakı sənaye zavodlarının fəaliyyəti ilə bağlı əldə etdiyim əlavə məlumatlar mənə əmin olmağa imkan verir ki, sizdə işlər düzgün qaydada gedir. Azərbaycan hökumətinin əsas hədəfi iqtisadiyyatı şaxələndirməkdir. Düşünürəm ki, indi əsas məsələlərdən biri də bu məhsulların Avropa bazarlarına çıxarılması üçün nəqliyyat və logistikadır. Məncə, bu istiqamətdə də hökumətiniz tərəfindən düzgün addımlar atılır”, - deyə A.Massari əlavə edib.