SİYASƏT
Səfir: İtaliya, Malta və San Marinodakı vətəndaşlarımız səsvermədə fəal iştirak edirlər VİDEO
Roma, 7 fevral, AZƏRTAC
İtaliyada, eləcə də Malta və San Marinoda yaşayan və ya uzunmüddətli xarici ezamiyyətlərdə olan vətəndaşlarımız Azərbaycan səfirliyində yaradılmış seçki məntəqəsində fəal şəkildə səs verirlər.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Azərbaycanın İtaliyadakı səfiri Rəşad Aslanov deyib.
Səfir bildirib ki, növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin keçirilməsi ilə əlaqədar olaraq Seçki Məcəlləsi əsasında Azərbaycanın İtaliyadakı səfirliyində 15 saylı Yasamal birinci seçki dairəsinin 39 saylı seçki məntəqəsi yaradılıb. İtaliyada yaşayan həmvətənlərimiz, tələbələr və turist kimi bu ölkədə səfərdə olanlar öz seçki hüquqlarını icra etmək üçün səfirliyin nəzdində yaradılmış seçki məntəqəsinə fəal şəkildə müraciət edirlər. Günün sonunadək bu proses uğurla davam etdiriləcək.
“Hazırkı vaxtadək seçkilərdə xüsusilə gənclər arasında fəallıq müşahidə olunur. Bu da çox sevindirici haldır”, - deyə Rəşad Aslanov əlavə edib.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma