Səfir: Niderland bərpaolunan enerji sahəsində Azərbaycanla daha geniş təcrübəsini bölüşə bilər
Bakı, 7 aprel, AZƏRTAC
Bu gün Niderland Krallığının Azərbaycandakı səfirliyi ADA Universitetinə günəş/külək enerjisi istehsal edən turbin bağışlayıb. Səfirliyin ADA-ya olan bu hədiyyəsi rəmzi xarakter daşıyır. Lakin Niderland bərpaolunan enerji sahəsində Azərbaycanla daha geniş təcrübəsini bölüşə bilər.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Niderlandın ölkəmizdəki səfiri xanım Pauline Eizema söyləyib.
O qeyd edib ki, 2022-ci ildə Dünya Bankı qrupu və Energetika Nazirliyi tərəfindən hazırlanmış Yol Xəritəsində Niderland dəniz külək enerjisinin istehsalında Azərbaycan üçün nümunə ölkə kimi göstərilib. Niderland bu sahədə təcrübəsini Azərbaycanla bölüşməyə hər zaman hazırdır və bu sektorda əməkdaşlığın genişləndirilməsini arzulayır. Eyni zamanda, Niderland Azərbaycana digər sektorlarda da dayanıqlılığın dəstəklənməsində yardım göstərir. Buraya kənd təsərrüfatı, su idarəetməsi, səhiyyə xidmətləri, enerji səmərəliliyi kimi sahələr daxildir.
“Bu il Niderland Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı (Caspian Agro) və Beynəlxalq Qida Sənayesi (InterFood Azerbaijan) sərgilərində 9 şirkətlə təmsil olunacaq. Bu şirkətlər Azərbaycanın kənd təsərrüfatının dayanıqlılığı, davamlılığı sahəsində xidmətlərini təklif edəcəklər. Biz Azərbaycanda dayanıqlılığın inkişafına hər zaman dəstək göstərməyə hazırıq”, - deyə diplomat qeyd edib.