Səfirlik: ABŞ-də “Sülh naminə təhsil: Körpülərin qurulması” adlı tədbir keçirilib
Bakı, 13 aprel, AZƏRTAC
ABŞ-nin Corc Vaşinqton Universitetində (George Washington University) ABŞ-Azərbaycan Akademikləri Şəbəkəsi (US-Azerbaijan Network of Academics - ANA) tərəfindən təşkil olunmuş “Sülh naminə təhsil: Körpülərin qurulması” (Education for Peace: Building Bridges) adlı panel müzakirələr formatında tədbir keçirilib.
Azərbaycanın ABŞ-dəki səfirliyindən AZƏRTAC-a bildirilib ki, Corc Vaşinqton Universitetinin professoru Ceyms Uilyamsın moderatorluğu ilə reallaşan panel müzakirələrin iştirakçıları arasında Azərbaycanın ABŞ-dəki səfiri Xəzər İbrahim, ABŞ-nin ən iri beyin mərkəzlərindən biri olan Hudson İnstitutunun Yaxın Şərqdə Sülh və Təhlükəsizlik Mərkəzinin direktoru və İnstitutun baş elmi işçisi Maykl (Michael) Doran və İnsan Təhlükəsizliyi üçün Qlobal Sülh Mərkəzinin prezidenti Vasif Eyvazzadə yer alıb.
Tədbir zamanı sülh təşəbbüslərinin dəstəklənməsində təhsilin əhəmiyyəti, sülh quruculuğu ilə bağlı təşəbbüslərin inkişafı və həyata keçirilməsində ən yaxşı üsullar, təhsil vasitəsilə mədəniyyətlərarası dialoqun təşviqi imkanları və bununla əlaqədar çətinliklər və dünyanın müxtəlif bölgələrində sülhün təmin edilməsi istiqamətində atılması vacib hesab edilən addımlar ətrafında müzakirələr aparılıb.
Səfir çıxışı zamanı Azərbaycanın regional və qlobal səviyyədə baş verən demək olar ki bütün məsələlərin mərkəzində yerləşdiyini və beynəlxalq siyasətdə əsas aktorlardan biri olduğunu qeyd edib. O, ölkəmizin indiyədək, yerləşdiyi regionun inkişafına əvəzolunmaz töhfə verdiyini və hazırda da regionda sülhün bərpa olunması istiqamətində ciddi addımlar atan ölkə olduğunu diqqətə çatdırıb. Sülhün bərpa olunması prosesində əsas meyar kimi beynəlxalq hüququn norma və prinsiplərinin nəzərə alınmalı olduğu və Azərbaycanın da daim bu istiqamətdə çıxış etdiyi vurğulanıb. Eyni zamanda, sülhün əldə olunması üçün tərəflərin hamısının xarici siyasətdə azad qərar vermə imkanına malik olmasının zəruriliyi və Azərbaycanın bu istiqamətdə nümunə ola biləcəyi bildirilib.
Sonra tədbirin sual-cavab sessiyasında qeyd edilən məsələlər ətrafında müzakirələr aparılıb və iştirakçıların sualları cavablandırılıb.
Tədbir zalında, “Azərxalça” ASC və ABŞ-Azərbaycan Ticarət Palatası arasında əldə olunmuş razılıq əsasında ABŞ-yə gətirilmiş Qarabağ, Gəncə-Qazax, Quba-Şirvan və Təbriz xalçaçılıq məktəblərinə aid müxtəlif ölçülü yun və ipək xalçalar sərgilənib və milli mətbəximizin təamları qonaqlara təqdim olunub.