Səfirlik Rusiyada yaşayan bütün soydaşlarımızı bir-birlərinə yardım əli uzatmağa çağırır
Moskva, 17 aprel, AZƏRTAC
Azərbaycanın Rusiyadakı səfirliyi öz diplomatik səlahiyyətləri və məhdud imkanları çərçivəsində bu ölkədəki vətəndaşlarımıza mümkün köməkliyi göstərməkdə və lazımi tədbirlər görməkdə davam edir.
Bu barədə AZƏRTAC-a Azərbaycanın Rusiyadakı səfirliyinin mətbuat xidmətindən məlumat verilib. Məlumatda deyilir ki, yeni koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə göstərilən səylər çərçivəsində Azərbaycan və Rusiya arasında dövlət sərhədi müvəqqəti bağlanıb və bir sıra vətəndaşlarımız müxtəlif səbəblərdən Rusiyanı tərk edə bilməyib, məcburən bu ölkə ərazisində qalmalı olublar.
Səfirlik qeyd edir ki, Rusiyada tətbiq edilən ciddi karantin tədbirləri səbəbindən vətəndaşlarımızın bir çoxu çətin vəziyyətə düşüb, praktiki olaraq, hər hansı gəlirdən məhrum olub, sağlamlıqları ilə bağlı problemlərlə üzləşib, bəziləri isə xəstəxanaya yerləşdirilib və ya özünütəcrid rejimindədirlər. Çox təəssüf ki, onların sırasında yaşayış və gündəlik qida xərclərini ödəmək iqtidarında olmayan şəxslər də var.
“Ölkəmizin məsul vəzifəli şəxsləri və Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahla daimi əlaqə saxlayan səfirlik Rusiya Federasiyasının Xarici İşlər Nazirliyi və digər rəsmi qurumlarla əlaqəli şəkildə öz diplomatik səlahiyyətləri və məhdud imkanları çərçivəsində vətəndaşlarımızın vəziyyətinin yüngülləşdirilməsi üçün mümkün olan köməkliyi göstərməyə və lazımi tədbirlər görməyə davam edir. Səfirlik yüksək hazırlıq rejiminə keçib və 24 saat fəaliyyət göstərən “qaynar xətt” yaradıb. Gərgin iş nəticəsində qısa zaman ərzində iki mindən çox vətəndaşımızın vətənə qayıtması təmin edilib. Səfirliklə əlaqələndirilmiş şəkildə və ya fərdi qaydada ehtiyacı olan Azərbaycan vətəndaşlarına hər hansı köməklik göstərən bütün şəxslərə öz dərin minnətdarlığımızı bildirir və bu cür addımları yüksək qiymətləndiririk”, - deyə diplomatik nümayəndəliyimizdən bildirilib.
Səfirlik diaspor təşkilatlara, iş adamlarına, imkanlı azərbaycanlılara müraciət edərək Rusiyada yaşayan bütün soydaşlarımızı həmrəylik nümayiş etdirməyə, fikir ayrılıqlarını, anlaşılmazlıqları geridə qoyaraq yersiz populizmə, gərəksiz söhbətlərə və təhqirlərə yol vermədən bir-birlərinə yardım əli uzatmağa və öz həmyerlilərinə istənilən mümkün dəstəyi göstərməyə çağırıb.
“Səfirlik öz tərəfindən bu cür humanitar fəaliyyətin əlaqələndirilməsini davam etdirməyə hazır olduğunu bildirir və hər kəsə sağlamlıq və səbir arzulayır. Bu gün yaranmış kəskin zərurət qarşısında Rusiyadakı bütün azərbaycanlıları Azərbaycan Respublikası Prezidentinin “Biz birlikdə güclüyük!” çağırışına qoşulmağa dəvət edirik. İnanırıq ki, müdrik Azərbaycan xalqı bütün dünyanı cənginə almış bu çox ağır vəziyyətdən, bu böyük sınaqdan şərəflə çıxacaqdır”, - deyə məlumatda bildirilir.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva