Şəhid Ərtoğrul Nadirlinin xatirəsi anılıb
Sədərək, 1 aprel, AZƏRTAC
Muxtar respublikanın Sədərək rayonundakı Şəhidlər xiyabanında şəhid Ərtoğrul Nadirlinin anım tədbiri keçirilib.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, tədbirdə rayon icra hakimiyyəti aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Vüqar Süleymanov çıxış edərək Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin uğurlu siyasəti və qətiyyəti ilə düşmən üzərində Qələbə qazanan rəşadətli Azərbaycan Ordusunun qəhrəman oğullarının xalqımızın qəlbində əbədi məşələ döndüyünü vurğulayıb. Qeyd edib ki, tarixboyu qəhrəmanlar diyarı kimi tanınan Naxçıvanın nər igidləri 44 günlük Vətən müharibəsində zəfər dastanı yazıb. Onlar digər bölgələrimizdən olan igidlərimizlə birgə Qələbə bayrağımızın işğal altındakı torpaqlarımızda dalğalanması üçün canlarından keçiblər. Bu gün azad edilmiş torpaqlarımızda Zəfər bayrağı dalğalananda, himnimiz səslənəndə igid Vətən oğullarının ruhu şad olur.
Vurğulanıb ki, Sədərək elinin Vətən müharibəsində canından keçən igidlərindən biri olan Ərtoğrul Nadirli 1997-ci il martın 31-də Sədərək rayonunun Qaraağac kəndində dünyaya göz açıb. 2012-ci ildə Naxçıvandakı Heydər Əliyev adına Hərbi Liseyə daxil olub. 2015-ci ildə oranı əla qiymətlərlə bitirdikdən sonra Heydər Əliyev adına Ali Hərbi Məktəbdə təhsil alıb. 2019-cu il iyunun 24-də Ali Hərbi Məktəbi bitirən Ərtoğrul leytenant rütbəsi alıb, Tovuz bölgəsinə göndərilib. Sonra Daşkəsən rayonuna xidməti vəzifəyə təyin olunub. Sentyabrın 27-də Vətən müharibəsində iştirak etmək üçün Goranboy rayonuna ezam edilib. Murovdağ yüksəkliyinin alınmasında iştirak edib, şəhidlik zirvəsinə yüksəlib.
Şəhidin atası Hümbət Rzayev göstərilən qayğıya görə minnətdarlığını bildirərək qeyd edib ki, yurdumuzda şəhid ailələrinə qayğı ilə yanaşılır, onların bütün problemləri vaxtında həll olunur. Oğlu Ərtoğrulun bu gün 24 yaşının tamam olduğunu diqqətə çatdıran şəhid atası deyib ki, burada övladımın məzarı başında, ad günündə anılması Vətən uğrunda canından keçənlərin heç vaxt unudulmaması deməkdir.
Ərtoğrul döyüşlərdə göstərdiyi igidliyə görə dövlətimizin başçısı tərəfindən “Vətən uğrunda”, “Döyüşlərdə fərqlənməyə görə”, “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib.