Şəhid və qazi övladları üçün bayram şənliyi təşkil olunub
Tərtər, 28 dekabr, AZƏRTAC
Tərtərdə 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il ərəfəsində şəhid və qazi övladları üçün bayram şənliyi təşkil olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şəhid ailələrinin, müharibə veteranlarının, qazilərin və onların övladlarının iştirak etdiyi tədbirdə əvvəlcə Vətənimizin bütövlüyü uğrunda şəhidlik zirvəsinə yüksələn igid oğullarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın Dövlət Himni səsləndirilib.
Tədbirdə çıxış edənlər Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni ilin münasibətilə tədbir iştirakçılarını təbrik edib, onlara xoş arzularını çatdırıblar. Bildirilib ki, Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbə hesabına qarşıdan gələn 2023-cü ili qalib xalqın nümayəndələri kimi qarşılayırıq.
Diqqətə çatdırılıb ki, Vətən müharibəsində məkrli düşmən müharibənin aparılmasının beynəlxalq hüquq normaları ilə müəyyən olunmuş qaydalarını pozaraq, Tərtər şəhəri də daxil olmaqla rayonun 40 yaşayış məntəqəsinə 16 min 277 top, tank, qrad mərmisi, 21 qadağan olunmuş raket atıb. Ancaq tərtərlilər bir gün də olsun öz doğma yurdlarını və ev-eşiklərini tərk etməyib. Evləri dağılsa da, şəhidlər versə də, ön cəbhədə olduğu kimi arxa cəbhədə də qəhrəmanlıq, şücaət göstəriblər.
Tədbirdə iştirak edən şəhid valideynləri və qazilər onlara göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısı İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Rəngarəng musiqi nömrələri ilə davam edən bayram tədbirində uşaqlar Şaxta baba və Qar qızla, nağıl qəhrəmanları ilə birgə rəqs edib, şənləniblər.
Bayram tədbirində şəhid və qazilərin övladlarına hədiyyələr təqdim olunub.