Şəhidin döyüş yoldaşı: İllər sonra şəhidimizin qalıqlarının tapılması xəbəri hər birimizə təsəlli oldu
Bakı, 1 noyabr, AZƏRTAC
Birinci Qarabağ müharibəsində itkin düşən, illər sonra qalıqları tapılan şəhid Ələkbər Babayev haqqında döyüş yoldaşı onun dərin iz buraxan xatirələrini bölüşüb.
Şəhidin döyüş yoldaşlarından biri Ağahüseyn Musayev AZƏRTAC-a açıqlamasında o günləri sanki dünən yaşanmış kimi xatırlayaraq, Ələkbərin səmimiyyət və ürəkaçanlığı ilə seçilən xarakterinə diqqət çəkib.
“O ilk dəfə mənim yanıma gəldi. Ona söylədim ki, sən döyüşmə, get evə. Çünki o zaman şəhidlik yolunun, itkin düşməyin nə qədər ağır bir faciə olduğunu yaxşı anlayırdıq. Həm də Ələkbərin çox saf, gülərüz insan olduğunu bilirdim və istəyirdim ki, o bu dəhşətli savaşdan uzaq qalsın. Lakin Ələkbər Babayevin döyüşə olan həvəsi və vətənpərvərliyi, ona edilən bu məsləhətləri geri çevirdi. Bir müddət sonra eşitdim ki, o döyüş prosesində itkin düşüb. Çox təəssüfləndim. Onun yoxluğu həm mənim, həm də bütün döyüşçü dostlarımız üçün böyük bir itki idi. Ələkbər Babayevin yoxluğu bizi çox sarsıtdı”, - deyə Ağahüseyn Musayev əlavə edib.
Döyüş yoldaşı, Ələkbərin döyüş əzmindən, onun heç bir qorxu hiss etmədən ön cəbhədə yer almasından danışıb, onunla keçirdiyi xatirələri yad edib. Bildirib ki, illər sonra şəhidin qalıqlarının tapılması xəbəri ailəsinə, yaxınlarına və onu tanıyan hər kəsə təsəlli olub.