Şəhidlərin məzarları xalqımızın and yerinə çevrilib
İsmayıllı, 20 yanvar, AZƏRTAC
İsmayıllı rayon Heydər Əliyev adına Mədəniyyət Mərkəzində 20 Yanvar - Ümumxalq Hüzn Günü ilə əlaqədar tədbir keçirilib. Tədbirdə rayon rəhbərliyi, mədəniyyət işçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, iştirakçılar əvvəlcə İsmayıllıdakı Şəhidlər xiyabanını ziyarət edib, şəhid məzarlarının üzərinə gül dəstələri düzüblər.
Sonra Mədəniyyət Mərkəzinin foyesində 20 Yanvar faciəsinə həsr edilən sərgiyə baxış keçirilib. Sərgidə Qanlı Yanvar hadisələrini əks etdirən fotoşəkillər, kitablar və rəsm əsərləri nümayiş olunub.
Konfrans zalında aparıcı tədbirin bədii hissəsini açıb və Qanlı Yanvar faciəsindən 32 il ötdüyünü, doğma yurdunun azadlığını, xalqının şərəf və ləyaqətini hər şeydən uca tutan vətənpərvər Azərbaycan övladlarının həmin qanlı gecədə canlarından keçərək şəhidlik zirvəsinə ucaldıqlarını vurğulayıb. Qeyd edib ki, bu müddət ərzində şəhidlərin məzarları xalqımızın and yerinə çevrilərək, xatirələri ehtiramla yad olunur. Şəhidlər xiyabanını 32 ildir ki, nəinki Azərbaycan vətəndaşları, eyni zamanda, yaxın-uzaq ölkələrdə yaşayan soydaşlarımız da ziyarət edirlər.
Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, 20 Yanvar faciəsi qurbanlarının, habelə Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda canından keçmiş Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra 20 Yanvar hadisələrini əks etdirən film göstərilib, ədəbi-bədii kompozisiya nümayiş olunub və şeirlər səsləndirilib.