Şəhidlərin xatirəsi Bosniya və Herseqovinada da anılıb
Sarayevo, 20 yanvar, AZƏRTAC
Azərbaycanın Bosniya və Herseqovinadakı diplomatik nümayəndəliyin tərəfindən qanlı Yanvar faciəsinin 25-ci ildönümü ilə əlaqədar anma mərasimi keçirilib.
Tədbirdə Bosniya və Herseqovina-Azərbaycan Dostluq Cəmiyyətinin üzvləri, bu ölkədə yaşayan və təhsil alan azərbaycanlılar iştirak ediblər.
Əvvəlcə 20 yanvar şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxış edənlər 1990-cı il yanvarın 20-də Sovet İttifaqı Kommunist Partiyası rəhbərliyinin göstərişi ilə imperiya ordusunun Azərbaycan xalqına qarşı törətdiyi bu vəhşi və qəddar aksiya barədə danışıblar. Bildirilib ki, həmin gün öz konstitusiya hüquqlarının bərqərar edilməsini tələb edən dinc və silahsız əhali, azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizə aparan Vətən övladları vəhşicəsinə gülləbaran edilib. Faciə zamanı 150-dək insan qətlə yetirilib və 700-dən çox insan müxtəlif dərəcəli yaralar alıb. Ümummilli lider Heydər Əliyev 1990-cı ilin yanvarın 21-də Azərbaycanın Moskvadakı nümayəndəliyinə gələrək, Sovet rəhbərliyinə qarşı açıq etiraz edib. 20 Yanvar faciəsinə məhz ulu öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə siyasi-hüquqi qiymət verilib.
Tədbirdə 20 yanvar faciəsi zamanı sovet qoşunları tərəfindən törədilmiş vəhşiliklər xatırlanaraq qeyd edilib ki, milli azadlıq yolunda şəhid olmuş qəhrəmanların xatirəsi xalqımızın yaddaşında yaşayır və əbədi yaşayacaq.
Sonda “Qanlı yanvara aparan yol” sənədli filmi nümayiş olunub.
Diplomatik nümayəndəlik tərəfindən hazırlanmış, 20 Yanvar faciəsinin səbəblərini və nəticələrini özündə əks etdirən geniş məlumat toplusu və Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) bəyanatı bu ölkədəki bütün səfirliklərə və beynəlxalq təşkilatların nümayəndəliklərinə, dövlət və hökumət qurumlarına, qeyri-hökumət təşkilatlarına göndərilib.
Maqsud Dadaşov
AZƏRTAC-ın xüsusi müxbiri
Sarayevo