Şəhidlərin xatirəsi mədəniyyət mərkəzlərində silsilə tədbirlərlə qeyd olunub
Bakı, 19 yanvar, AZƏRTAC
Yanvarın 19-da Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin tabeliyində olan kitabxana, klub və mədəniyyət evi və mərkəzlərdə - İstedad Mərkəzi, Mərdəkan Mədəniyyət Sarayı, A.M.Şərifzadə adına Mədəniyyət Mərkəzi, Binəqədi Mədəniyyət evi, Səbail Rayon Mərkəzi Kitabxana Sisteminin 1 saylı filialında və digər təşkilatlarda 20 Yanvar faciəsinin 26-cı ildönümü silsilə tədbirlərlə qeyd olunub.
AZƏRTAC xəbər verir ki, bu təşkilatlarda müxtəlif mövzularda ədəbi-bədii kompozisiyalar, “Dəyirmi masa”lar, söhbətlər və sərgilər keçirilib. Məruzə və çıxışlarda ulu öndər Heydər Əliyevin 20 Yanvar hadisələrinə hüquqi-siyasi qiymət verilməsində tarixi xidmətlərindən bəhs edilib. Bildirilib ki, məhz Ümummilli Liderin Sərəncamı ilə 20 Yanvar hər il ümumxalq hüzn günü kimi qeyd olunur. Böyük itkilərlə, günahsız insanların qətli ilə nəticələnən 20 Yanvar faciəsi cinayətkar imperiya rəhbərliyinin Azərbaycana qarşı xəyanətkar siyasətinə dözməyən, azadlığa, müstəqilliyə can atan xalqımızın mübarizliyini, əyilməzliyini, məğrurluğunu nümayiş etdirib.
Təəssüflə bildirilib ki, Azərbaycan xalqının məruz qaldığı bu qanlı qırğın beynəlxalq müstəvidə bəşəriyyət əleyhinə cinayət kimi hələ də yetərincə qiymətləndirilməyib.
Çıxış edənlər, həmçinin vurğulayıblar ki, Azərbaycan tarixinə öz qəhrəmanlıqları ilə parlaq səhifə yazan şəhidlərimizin müqəddəs xatirəsi xalqımızın qəlbində daim yaşayacaq.