CƏMİYYƏT
Səhiyyə sisteminin data mərkəzinin hökumət buluduna köçürülməsi prosesi yekunlaşmaq üzrədir

Bakı, 16 yanvar, AZƏRTAC
"Həkimlik peşəsinə çoxəsrlik ənənəvi yanaşma təbii ki, XXI əsrin tələbləri ilə uzlaşa bilməzdi. Qlobal səviyyədə xroniki xəstəliklərin sayının artması, həkim çatışmazlığı, müalicə xərclərinin yüksəlməsi və artan ömür uzunluğu tibb mütəxəssisləri üçün yeni çağırışlar yaradır. Rəqəmsal səhiyyə dövrü gündəlik fəaliyyətində rəqəmsal texnologiyalardan istifadə edən həkim-pasiyent münasibətlərini tərəfdaşlıq üzərində quran və şəfqətli qayğını tibbi xidmətin təməli kimi saxlayan tibb mütəxəssislərinin olmasını tələb edir".
AZƏRTAC xəbər verir ki, bunu “Səhiyyə sisteminin transformasiyası çərçivəsində əczaçılıq sektorunun rəqəmsallaşdırılması” layihəsinin təqdimat mərasimində səhiyyə naziri Teymur Musayev deyib.
Rəqəmsal səhiyyə tibbin yalnız texnoloji baxımdan deyil, həm də mədəniyyət baxımından transformasiya olduğunu bildirən nazir fikirlərinə belə davam edib: "Rəqəmsal texnologiyalar tibbi xidmət təminatçılarına və pasiyentlərə məlumatları əlçatan etməklə ortaq qərar verməkdə həkim-pasiyent münasibətlərini fərqli səviyyəyə qaldırır. Rəqəmsal səhiyyənin tarixi inkişaf mərhələləri gələcək innovasiyalar üçün zəmin yaradıb. 2015-ci ildən başlayaraq inkişaf etmiş ölkələrin səhiyyə qurumlarında rəqəmsal səhiyyə strukturları yaradıldı, strategiya sənədləri qəbul olundu. Azərbaycan Respublikasının səhiyyə sistemində rəqəmsallaşma tədbirlərinin tətbiqinə 2006-cı ildən başlanılıb. Həmin tarixdən Səhiyyə Nazirliyinin daxili informasiya texnologiyaları infrastrukturunun və ölkə üzrə vətəndaşların elektron sağlamlıq kartı sisteminin yaradılması, müxtəlif tibbi elektron reyestrlərin formalaşması, tibb müəssisələrində informasiya sistemlərinin tətbiqinə start verilib. Məlumat mərkəzi və şəbəkə infrastrukturu qurulub. Hazırda data mərkəzinin hökumət buluduna köçürülməsi prosesi yekunlaşmaq üzrədir".