ŞƏKİ GƏNCLƏRİ ÖZ BAYRAMLARINI YÜKSƏK ƏHVAL-RUHİYYƏ İLƏ QARŞILAYIRLAR
Şəki Şəhər Gənclər və İdman İdarəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, rayonda artıq bir neçə gündür ki, 2 fevral - Azərbaycan Gəncləri günü münasibətilə mədəni-kütləvi tədbirlər, toplantılar, ədəbi-bədii gecələr keçirilir, müsabiqələr, idman yarışları təşkil olunur.
Gənclər günü münasibətilə Şəki İdman-Sağlamlıq Mərkəzində keçirilən taekvondo üzrə şəhər birinciliyinə yekun vurulmuşdur. Yarışlarda 15 çəki dərəcəsi üzrə 80-ə yaxın yeniyetmə və gənc mübarizə aparmışdır.
Şəhərdəki “Ruzi” şadlıq sarayında gənclərin ümumşəhər bayram şənliyi keçirilmişdir. Tədbirdə çıxış edən gənclər və idman idarəsinin rəisi Vüqar İsgəndərov Şəki gənclərinin 2007-ci ildə qazandıqları uğurlar barədə danışmışdır. İdarə rəisi bildirmişdir ki, şəkili gənclər öz bayramlarını yüksək əhval-ruhiyyə ilə qarşılayırlar. Onlar ötən il təhsildə, idmanda, incəsənətin müxtəlif sahələrində, habelə çalışdıqları əmək kollektivlərində yüksək uğurlar qazanmış, rayonda həyata keçirilən quruculuq işlərində yaxından iştirak etmiş, milli-mənəvi dəyərlərimizin, adət-ənənələrimizin qorunmasına öz töhfələrini vermişlər.
Tədbirdə çıxış edən Şəki Şəhər İcra Hakimiyyəti başçısının müavini Zərinə Cavadova, təhsil şöbəsinin müdiri Firədun İbrahimov və digər natiqlər bu gün ölkəmizdə gənclərin hərtərəfli inkişafı, onların dövlət quruculuğu işinə geniş cəlb olunması və ictimai-siyasi fəallıqlarının artırılması üçün əlverişli şərait və möhkəm hüquqi bazanın yaradıldığını, gənclərin cəmiyyətimizin ən fəal qurucularına çevrildiyini bildirmiş, rayon gənclərinə 2008-ci ildə daha böyük nailiyyətlər arzulamışlar.
Bayram şənliyinin sonunda rayonun ictimai-siyasi həyatında fərqlənən gənclərə və gənclər təşkilatlarına mükafatlar təqdim olunmuşdur.