CƏMİYYƏT
Şəki Rayonu Ağsaqqallar Şurasının hesabat konfransı keçirilib
Bakı, 9 avqust, AZƏRTAC
Avqustun 8-də Şəkidə Heydər Əliyev Mərkəzində Rayon Ağsaqqallar Şurasının hesabat konfransı keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifov, Şəki Rayon İcra Hakimiyyətinin rəhbərliyi, Şəki Rayon Ağsaqqallar Şurasının sədri Vaqif Əhmədov, Azərbaycan Ağsaqqallar Şurasının mətbuat katibi Rafiq Rzayev, ağsaqqallar, ziyalılar, şəhid ailələrinin üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Konfrans iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla anıb, sonra mərkəzdə Ulu Öndərə həsr edilmiş ekspozisiya ilə tanış olublar.
Ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların və hesabat dövrü ərzində dünyasını dəyişən ağsaqqalların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri Şəki Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov açaraq ağsaqqalların, o cümlədən Şəki rayonunun ağsaqqal və ziyalılarının ölkəmizin ictimai-mədəni həyatındakı rolundan söz açıb, yaşlı nəslin nümayəndələrinə göstərilən dövlət qayğısından danışıb.
Sonra Şəki Rayon Ağsaqqallar Şurasının sədri Vaqif Əhmədovun yerli təşkilatın hesabat dövrü ərzindəki fəaliyyəti barədə məruzəsi dinlənilib. Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifov Şəkidə ağsaqqallarla, yerli sakinlərlə görüşdən məmnun olduğunu qeyd edərək xoş təəssüratlarını bölüşüb.
Müasir dövrlə ayaqlaşmalı olduğumuzu qeyd edən Bayram Yusifov bildirib ki, hər birimiz, əsasən də ağsaqqallarımız milli-mənəvi dəyərlərimizi yaşatmalı və gələcək nəslə ötürməlidirlər. Hər zaman olduğu kimi, bu gün də Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ətrafında daha sıx birləşməliyik ki, möhtəşəm Zəfərdən sonra bizi sevməyən qüvvələr qələbəmizə kölgə sala bilməsin.
Bayram Yusifov Şəki Rayon Ağsaqqallar Şurasının fəaliyyətini qənaətbəxş hesab edərək, onlara möhkəm cansağlığı və gələcək işlərində uğurlar arzulayıb.