REGİONLAR
Şəkidə “Azərbaycan-Gürcüstan gənclərinin beynəlxalq yay düşərgəsi” keçirilir
Şəki, 12 sentyabr, Mustafa Dadaşov, AZƏRTAC
Şəki Olimpiya İdman Kompleksində “Azərbaycan-Gürcüstan gənclərinin beynəlxalq yay düşərgəsi” davam edir. Gənclər və İdman Nazirliyinin və Gürcüstanın Təhsil, Elm və Gənclər Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən düşərgəyə hər iki ölkəni təmsil edən 120-yə yaxın gənc qatılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, düşərgənin ikinci günü iştirakçılar Şəki şəhərinin qədim tarixi hissəsinin - “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğunun ərazisini gəzib, tarixi abidələrlə tanış olub, sənətkarlıq emalatxanalarına baş çəkiblər. Məlumat verilib ki, qoruq Şəkiyə gələn yerli və xarici turistlərin ən çox üz tutduqları tarixi məkanlardan biridir.
Azərbaycan memarlığının nadir incilərindən olan Şəki Xan Sarayı ilə tanışlıq düşərgə iştirakçılarında böyük maraq doğurub. Gənclərin diqqətinə çatdırılıb ki, Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib. Xan Sarayı XVIII əsrə aid nadir tarixi-memarlıq abidəsidir.
Düşərgədə iştirakından məmnunluğunu ifadə edən Tbilisi Dövlət Universitetinin IV kurs tələbəsi Ketivan Ketiaşvili təəssüratlarını AZƏRTAC-la bölüşərək deyib: “Beynəlxalq yay düşərgəsində iştirak etdiyim üçün çox xoşbəxtəm və qürur duyuram. Azərbaycana ilk dəfə səfər edirəm. Çox gözəl ölkəniz var. Bu layihə Azərbaycan və Gürcüstan gənclərinin inkişafı, dostluq əlaqələrinin qurulması üçün çox yaxşı imkandır. Düşünürəm ki, belə düşərgələr tez-tez təşkil olunmalıdır. Biz xalqlarımızın tarixi və mədəniyyəti ilə daha yaxından tanış olmalı, dostluğumuzu daha da möhkəmləndirməliyik. Burada özümə yeni dostlar da tapmışam. Bu önəmli tədbirə dəvət olunduğuma görə təşkilatçılara minnətdarlığımı bildirirəm”.