ŞƏKİDƏ “BREYN RİNQ” İNTELEKTUAL OYUNU ÜZRƏ ZONA YARIŞI KEÇİRİLMİŞDİR
Fevralın 8-də Gənclər və İdman Nazirliyinin xətti ilə Şəki şəhərində Gənclərin vətənpərvərlik tərbiyəsi klubları arasında “Breyn-rinq” intellektual oyunu üzrə zona yarışı keçirilmişdir. Müəllimlər İnstitutu Şəki filialının akt zalında keçirilən yarışlarda Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala və Balakən rayonlarının komandaları mübarizə aparmışlar.
Şəki Şəhər Gənclər və İdman İdarəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, yarışların startı verilməmişdən əvvəl nazirliyin məsul işçisi Elnar Mehdiyev iştirakçıları “Breyn-rinq” oyunlarının məqsəd və vəzifələri barədə məlumatlandırmışdır.
Bildirilmişdir ki, Azərbaycan Prezidentinin 2005-ci il 30 avqust tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Gəncliyi Dövlət Proqramı (2005-2009-cu illər)“ sənədindən irəli gələn vəzifələrin icrası ilə əlaqədar keçirilən bu yarışlar respublikada fəaliyyət göstərən gənclərin vətənpərvərlik tərbiyəsi klublarının fəaliyyətini gücləndirmək, həmin qurumlar arasında əlaqələri genişləndirmək, klub üzvlərini intellekt yarışlara həvəsləndirmək, habelə Azərbaycanın milli-mənəvi dəyərləri və tarixi haqqında biliklərini nümayiş etdirmək məqsədi daşıyır. Zona yarışları Bakı şəhəri və Naxçıvan Muxtar Respublikası da daxil olmaqla, respublikamızın 8 bölgəsində təşkil olunmuşdur.
Gərgin keçən mübarizədə Oğuz rayonunun komandası qalib gələrək yarışların final mərhələsində iştirak etmək hüququ qazanmışdır. Şəki və Qax komandaları sonrakı yerləri bölüşmüşlər.