Şəkidə “Novruz təranələri” adlı baxış-müsabiqə keçirilir
Şəki, 5 mart, Mustafa Dadaşov, AZƏRTAC
M.F.Axundzadə adına Şəki Şəhər Mədəniyyət Mərkəzində “Novruz təranələri” adlı baxış-müsabiqəyə start verilib. Müsabiqədə rayonda fəaliyyət göstərən mədəniyyət və təhsil müəssisələrinin bədii özfaliyyət və folklor kollektivləri, yeniyetmə və gənc ifaçılar iştirak edirlər.
Şəki Regional Mədəniyyət İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, 1978-ci ildən etibarən ənənəvi olaraq hər il keçirilən bu müsabiqə yeniyetmə və gənc istedadların üzə çıxarılması və inkişaf etdirilməsi məqsədi daşıyır. Kollektivlərin çıxışları peşəkar mütəxəssislərin daxil olduğu münsiflər heyəti tərəfindən qiymətləndirilir.
Baxış-müsabiqə martın 12-dək davam edəcək. Müsabiqədə fərqlənənlər mükafatlandırılacaqlar.