Şəkinin ümumtəhsil müəssisələrində dezinfeksiya işləri intensivləşib
Şəki, 4 mart, Mustafa Dadaşov, AZƏRTAC
Martın 3-dən etibarən Şəki rayonunun ümumtəhsil müəssisələrində koronavirusa və mövsümi xəstəliklərə qarşı dezinfeksiya işlərinə başlanılıb. Şəki Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən bu günədək 30 məktəbdə dezinfeksiya işləri artıq yekunlaşdırılıb. Digər məktəblərdə isə dezinfeksiya işlərinin martın 9-dək başa çatdırılması nəzərdə tutulur.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Şəki Şəhər Təhsil Şöbəsindən məlumat verilib.
Qurumdan bildirilib ki, Təhsil Nazirliyinin 2020-ci il 24 fevral tarixli təlimatı məktubunun tələblərinə əsasən, məktəb kollektivləri, şagird və valideynlər arasında aktiv maarifləndirmə işləri aparılıb, kütləvi tədbirlər və ekskursiyalar məhdudlaşdırılıb.
Təhsil Nazirliyi tərəfindən verilmiş dezinfeksiya vasitələri ilə məktəblərdə dezinfeksiyaedici tədbirlər yanvardan aparılır. Dezinfeksiya işləri davamlı xarakter daşıyır və rayonun ümumtəhsil müəssisələrində sanitar-profilaktik vəziyyət daim nəzarətdə saxlanılır.