Səksən altı illik Vətən həsrəti - Qazaxıstana sürgün edilən azərbaycanlılar VİDEO
Bakı, 29 avqust, Xəyalə Cəfərova, AZƏRTAC
Atam da, anam da, qayınanam və qayınatam da 1937-ci ildə Qazaxıstana sürgün olublar… Ürək bir olandan sonra unutmaq olarmı, Azərbaycanı?! Onun adət-ənənəsini unutmaq olarmı?! Harada yaşamağımızdan asılı olaraq, qəlbimiz Azərbaycanla döyünür. Azərbaycanın hər şeyi mənim üçün xoşdur…
AZƏRTAC xəbər verir ki, bu sözlərin müəllifləri - 86 il əvvəl, 1937-ci ildə Stalinin qanlı repressiyasının qurbanlarıdır. Onlar, nənə-babaları Azərbaycandan Qazaxıstana sürgün edilən azərbaycanlılardır.
Qazaxıstana səfər etdiyimiz zaman burada yaşayan həmvətənlərimizin qonağı olduq. Onlar bizi Azərbaycandan gələn turist kimi yox, öz doğmaları kimi qarşıladılar. Hal-əhval tutduqdan sonra onların acı taleyini - Vətəndən ayrı düşmək hekayələrini dinləməyə başladıq…
Nuriyə Əliyeva evlərini tərk etdikləri günü belə xatırlayır: “Əsgərlər gecə yarısı evə girərək silahı başımıza tuşladılar. Əşyalarımızı götürməyə 2 saat vaxt verdilər. Əlimizə keçəni götürdük. Sonra onlar bizi avtomobilə mindirərək dəmir yol stansiyasına gətirdilər… Çox uzun yol gəldik. Yolda dünyasını dəyişənlər də oldu…”.

Nuriyə xanımın kövrəldiyini görən Mehdi Ələkbərov onun sözlərini davam etdirir: “Babamdan, atamdan eşitmişəm…Bizə necə zülm verərək, çox çətinliklə buraya gətirib çıxardılar. İndiki gündə Allaha çox şükür edirəm ki, bizim ailə sağ-salamat gəlib çatdı… Beləcə, zamanla babalarımız atalarımızı, atalarımız da bizi burada böyüdüblər...”.

Nuriyə Əliyevanın göz yaşları quruduqdan sonra qayınatasıgilin ailəlikcə Qarabulağa yerləşdirildiyini öyrənirik. Həmin vaxt yerli xalq onlara öz evlərinin qapılarını açıb. Bir müddət sonra dövrün tələblərinə uyğun - kolxozda işləyib çörək pulu qazanıblar.
Süfrə arxasında əyləşən Məhəmməd Ələkbərovla söhbət zamanı məlum olur ki, atası Azərbaycanın dilbər guşələrindən birində - Naxçıvanda dünyaya gəlib. Məhəmməd dayı doğma elindən nə az, nə çox, tam 13 yaşında didərgin düşüb…

Töləcan xanımsa ailəsi ilə birlikdə Qazaxıstana sürgün edilənlərdəndir. Çox az əşya ilə gələn ailə bu günə kimi özləri ilə gətirdikləri nənə yadigarlarını göz bəbəyi kimi qoruyub saxlayırlar. Bu əşyalar, onlara Vətənlərini - Azərbaycanda keçirdikləri xoş günləri xatırladır.
“Gözdə Azərbaycanın yaşı, qəlbdə döyünən Azərbaycan! Unutmaq olarmı, Azərbaycanı?! Mən 60 ildir Qazaxıstanda yaşayıram, burada çörək yeyirəm. Amma elə dəqiqəm olmayıb ki, mən Azərbaycanı unudum...”, - deyə Fəridə Mütəllimova Vətən yanğısı ilə bildirir.
Sevindirici hal ondadır ki, burada yaşayan azərbaycanlılar, baxmayaraq ki, uzun müddət Qazaxıstanda yaşayırlar, onlar adət-ənənələrimizi qoruyub saxlayırlar.

Onlar nə qədər uzaqda olsalar da, ürəkləri hələ də Azərbaycanla döyünür. 44 günlük Vətən müharibəsində də həyəcanla torpaqlarımızın işğaldan azad olunması xəbərini gözləyiblər. Fəridə Mütəllimova söyləyir ki, Azərbaycanın tarixi Zəfərindən sonra qurban da kəsiblər.
İndi isə onların bir arzusu var - Azərbaycanın işğaldan azal etdiyi müqəddəs torpaqlarımızı gedib öz gözləri ilə görmək, həmin torpaqları öpmək…
