Səməd Seyidov Avropada insan haqları üzrə məruzəçi təyin edilib
Strasburq, 28 sentyabr, AZƏRTAC
Son bir ildə Azərbaycanda gedən proseslər və reallıqlar Avropanın ölkəmizə etibar və etimadı daha da artırıb.
Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin rəhbəri, Milli Məclisin Beynəlxalq əlaqələr və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov AŞPA-nın payız sessiyası çərçivəsində Avropa mühafizəkarlar və demokratik alyans qrupunun tövsiyəsi ilə Avropa Şurasının siyasi məsələlər üzrə Komitəsi tərəfindən “Avropada ultrasağçı ideologiyanın demokratiyaya çağırışları və insan haqları” mövzusu üzrə məruzəçi təyin edilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan nümayəndəsinin belə bir həssas mövzu üzrə məruzəçi təyin edilməsi ölkəmizə olan etibar və etimaddan qaynaqlanır. Son vaxtlar Avropa insan haqları ilə bağlı çoxsaylı problemlərlə üzləşib. Bu baxımdan “qoca qitə”də insan haqları üzrə araşdırma aparılmasına böyük ehtiyac yaranıb.
Azərbaycan nümayəndəsinin yekdil razılıqla belə bir mövzu üzrə məruzəçi təyin edilməsi ölkəmizdə gedən proseslərə, regionda yaranmış reallıqlara verilən yüksək qiymətin nəticəsidir.
“Avropada insan haqları üzrə problemlər çoxdur, onların araşdırılması və gündəmə gətirilməsi vacibdir. Azərbaycan uzun illər insan haqları ilə bağlı ayrı-seçkiliyə məruz qalıb. İnsan haqları ilə bağlı ayrı-seçkilik qəbuledilməzdir. Əminəm ki, ədalətli və obyektiv məruzə hazırlayacağam”, - deyə Səməd Seyidov qeyd edib.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Strasburq